Azərbaycan gənclərinin forumları: Tarix və dövlət gənclər siyasəti

Azərbaycan gənclərinin forumları: Tarix və dövlət gənclər siyasəti
SOSİAL
10:30 02.02.2026
286
Dünyavi Məmmədova
Göygöl rayonu üzrə Gənclər və İdman sektorunun məsləhətçisi

Azərbaycan gənclərinə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin əsasları ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan gənclərinin həyatında əlamətdar tarixlərdən biri 2 fevral – Azərbaycan Gəncləri Günüdür. Bu günün təsis edilməsi bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. I Azərbaycan Gənclərinin Forumu 2 fevral 1996-cı ildə Heydər Əliyevin iştirakı ilə keçirilmişdir. Forum gənclərin cəmiyyətin inkişafında rolunun artırılması baxımından mühüm əhəmiyyət daşıyırdı. 1997-ci il fevralın 1-də ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan Sərəncama əsasən 2 fevral tarixi Azərbaycan Gəncləri Günü elan edilmiş və hər il ölkə üzrə təntənəli şəkildə qeyd olunmağa başlanmışdır.

II Azərbaycan Gənclərinin Forumu 1999-cu ildə Bakı şəhərində keçirilmişdir. Bu forumda gənclərin üzləşdiyi problemlər, mövcud nöqsanlar və qarşıda duran vəzifələr ətraflı müzakirə edilmişdir.

Sonrakı illərdə gənclər forumları mütəmadi olaraq təşkil edilmişdir:

III Forum – 13 oktyabr 2003-cü il

IV Forum – 2005-ci il

V Forum – 3 oktyabr 2008-ci il

VI Forum – 25 oktyabr 2011-ci il

VII Forum – 2–3 iyun 2014-cü il

VIII Forum – 16 noyabr 2018-ci il

IX Forum – 25 dekabr 2020-ci il (Bakı şəhəri)

IX Forum çərçivəsində ənənəvi olaraq 2–18 dekabr tarixlərində zona toplantıları, 24 dekabr tarixində isə Respublika toplantısı keçirilmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət gənclər siyasəti yeni mərhələyə yüksəlmişdir. 30 avqust 2005-ci il tarixində "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005–2009-cu illər)" təsdiq edilmiş, 2007-ci il ölkədə "Gənclər ili" elan olunmuşdur. Həmin ildə "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" da qəbul edilmişdir. Bundan əlavə, 6 aprel 2011-ci ildə "Azərbaycan gəncliyi 2011–2015-ci illərdə" Dövlət Proqramı təsdiqlənmişdir.

Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri 2020-ci ilin 27 sentyabrında başlayan və 10 noyabradək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda qəhrəmanlıqla vuruşan gənclərimiz xalqımızın ən yeni tarixinə qızıl hərflərlə adlarını yazdılar.

Prezident İlham Əliyevin gənclərə olan inamı və dəstəyi bu sözlərdə aydın ifadə olunur:
"Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram.”
OXŞAR XƏBƏRLƏR