Azərbaycan Premyer Liqası bu tarixdə başlayacaq

Azərbaycan Premyer Liqası bu tarixdə başlayacaq
İDMAN
18:37 27.04.2020
1600

Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının bərpası ilə bağlı məlumat yayıb.

Qurumdan AZXEBER.COM verilən məlumata görə, daha əvvəl qəbul olunmuş qərara əsasən, xüsusi karantin rejimi 4 may saat 00:00-da başa çatacağı təqdirdə, Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə keçirilən yarışların bərpası planlaşdırılır.

Belə ki, UEFA, FİFA, EPFL və digər beynəlxalq futbol qurumlarının tövsiyələrini, AFFA, klublarımızla aparılan müzakirələri və yarışların bitməsi üçün müəyyənləşdirilmiş mümkün tarixləri nəzərə alaraq, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpa olunması nəzərdə tutulur.

 

Aparılan müzakirələrə uyğun olaraq, Peşəkar Futbol Liqasının qərarına əsasən, Premyer Liqa oyunları başa çatdıqdan sonra Azərbaycan Kubokunun yarımfinal və final oyunları keçiriləcək.

Kubokun təqvimində dəyişikliyə əsas səbəb klubları onsuz da sıx olan təqvimdən qorumaq, kubokda iştirak etməyən klubların cari mövsümü erkən bitirərək növbəti mövsümə daha yaxşı hazırlaşmasına şərait yaratmaqdır.

Azarkeşsiz keçiriləcək Premyer Liqa, I Divizion və Azərbaycan Kubokunun yeni təqvimi ilə bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, xüsusi karantin rejimi ilə bağlı mövcud vəziyyət hər hansı şəkildə dəyişəcəyi təqdirdə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul edəcəyi qərarlara uyğun olaraq Peşəkar Futbol Liqası tərəfindən müvafiq qərarlar qəbul oluna bilər.

OXŞAR XƏBƏRLƏR