06:11 Bazar Ertəsi, 25 Iyun 2018
SOSİAL

"Azərbaycanda Anadolu Universitetinin diplomları tanınmır" sözü qalmaqal yaratdı - Kim haqlıdır?

13:54, 01.06.20185318

Son günlər Anadolu Universitetinin Azərbaycanda fəaliyyəti və diplomlarının tanınması ilə bağlı məsələ müzakirə olunur.

AZXEBER.COM-un məlumatına görə, məsələni gündəmə Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə gündəmə gətirib.

O sosial şəbəkədə bu haqda yazıb: "Maşın Şou"da Anadolu Universitetinin distant təhsilinin reklamı gedir. Təhsil sektorunda bu qədər boşluğa yol verməyin məsuliyyətini kim daşıyır?! Qəbul imtahanları ərəfəsində açıq aşkar abituriyentlər üçün növbəti oyun qurulur. 4 il oxuyursan, təhsil haqqı ödəyirsən, imtahanları verirsən və sonunda Təhsil Nazirliyi tərəfindən distant təhsilin tanınmır. Tanınmadığı halda bu universitetin iki mərtəbəli ofis tipli bina götürüb gənclərin taleyi ilə oynamağa nə haqqı var?!

Fəxrəddin Həsənzadə bildirib ki, burada müzakirə olunan problem təhsilin keyfiyyəti və ya hər hansı bir şəxs yox, illərdir Anadolu Universitetin sözügedən proqramının Bakıda açıq aşkar reklamı və təblig olunmasına imkan yaradıldığı halda diplomunun niyə tanınmamasıdır.

 

Təşkilat sədrinin bu açıqlamasından sonra mətbuat məsələni gündəmə gətirib və qeyd olunub ki, universitetin ən böyük problemi verdiyi diplomun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmamasıdır. Kütləvi şəkildə reklam olunan və gəncləri bu yolla təhsilə cəlb etməyə çalışan universitetin bu məqamları xatırlatmaması narazılıq doğurub.

 

AZXEBER.COM bu və digər suallara cavab tapmaq üçün universitetin Bakı nümayəndəliyi ilə əlaqə saxlayıb.

 

Anadolu Universitetinin Azərbaycan üzrə nümayəndəsi Azər Hətəmov sosial şəbəkədə və mediada gedən xəbərlərdən məlumatlı olduğunu bildirib. O qeyd edib ki, bu məsələ Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral də məsələdən narahatdır və bununla bağlı açıqlama verəcək: "Bu məsələ Türkiyənin səfirinin də diqqətindədir və o özü də bu haqda açıqlama verəcək. Çünki Anadolu Universiteti Türkiyədə və dünyada tanınan, bilinən təhsil ocağıdır və mətbuatda universitet haqda gedən neqativ yazılar iki ölkənin dostluğuna, qardaşlığına da xələl gətirə bilər".

Azər Hətəmov deyib ki, diplomların nostrifikasiyası məsələsi Türkiyənin və Azərbaycanın təhsil nazirlikləri arasında da uzun müddətdir ki, müzakirə olunur: "Bu məsələ Azərbaycanın təhsil nazirliyi ilə Türkiyənin müvafiq orqanı tərəfindən də müzakirə olunur. Bildiyiniz kimi, Azərbaycanda xarici ölkələrdə distant təhsil alan gənclərin diplomların nostrifikasiyası olunmur. Bu təkcə bizim universitetlə bağlı deyil, bütün dünya ölkələrinə şamil olunur. Eynilə də Azərbaycanda qiyabi təhsil alan gənclər Türkiyədə magistr və digər təhsili ala bilmir. Yəni, məsələ bizimlə bağlı deyil. Bir məqamı da deyim ki, praktikada tanınma sözü yoxdur, nostrifikasiya anlayışı var. Bizim universitetin diplomu bütün dünyada tanınır, əgər tələbə universiteti uğurla bitiribsə, onun diplomu tanınır. Çünki o diplomu Türkiyənin müvafiq qurumları apostil edib. Hətta apostili olan diplomların məzunları da 1 il hərbi qulluğa yollanırlar, sadəcə həmin şəxslər dövlət qulluğunda çalışa bilmirlər”.

Azər Hətəmov bildirib ki, onlar gənclərin taleyi ilə oynamırlar, əksinə Azərbaycan gənclərinin təhsilli, savadlı olmasını istəyirlər: "Əmin olun ki, Anadolu universitetinin tələbəyə ehtiyacı yoxdur, biz sadəcə olaraq gənclərimizin savadlı, təhsilli olmasını istəyirik. Çox təəsüf ki, bəzi hallarda gənclər təhsil dalınca gedir, daha sonra diplom ala bilməyəndə, bizi qınayırlar. Bu düzgün yanaşma deyil. Distant təhsil müəllim və tələbənin eyni məkanda olma məcburiliyini ortadan qaldıran sistemdir. Bu təhsil sistemi inkişaf edən texnologiya ilə birlikdə müvəffəqiyyət nisbəti hər keçən gün artan bir təhsil sistemidir. Məsafəli təhsil tələbə ilə müəllimin fiziki olaraq eyni bir mühitdə olmamasını təşkil edən texnologiyadır. Dediyim odur ki, bu cür təhsil alan şəxslər mütləq başqa ölkəyə getməli deyillər, öz ölkəmizdə də oturub imtahanı verə bilərlər.”

 

Mövzuya yenidən qayıdacağıq. 
 
AZXEBER.COM
XƏBƏR LENTİ