Azərbaycanda insanlar falçılara niyə inanır? - ARAŞDIRMA

Azərbaycanda insanlar falçılara niyə inanır? - ARAŞDIRMA
Bütün Xəbərlər
15:25 14.06.2013
4648

Zamanından asılı olmayaraq qeyri-adiliklər insanların daim maraq dairəsində olub. Öncəgörmə, ulduz falı, hipnoz, ruhlar, cinlər, mifik varlıqlar və digər bu kimi məfhumlar həmişə maraq kəsb edən mövzular sırasına aid olub. Bu cür mövzular maraq dairəsində olsa da, hər kəs bu anlayışlara inanmır. Amma inanmayan insanlar belə bu mövzular ilə maraqlanır. Bu tip mövzularda fikirlər heç də eynilik təşkil etməyib, daim ziddiyyətli olub. Cəmiyyətimiz fərqli olduğu kimi, düşüncələr də fərqlidir. Belə ki, bəziləri fal anlayışının dinə zidd olduğunu, bu cür işlərə inanmadığını desələr də, digərləri falı sadəcə hobbi, inanc kimi dəyərləndirir.

Bəs bu sualın doğru cavabı hansıdır? Fala hobbi kimi baxmaq doğrudurmu? Doğrudanmı gələcək haradasa şifrələr formasında yazılıb?

Müəyyən insanlar var ki, onlar fala inanmadıqlarını, lakin əyləncə xarakterli olduğuna görə qatıldıqlarını bildirirlər. Psixoloq Elnur Rüstəmov AZXEBER.COM-a verdiyi açıqlamasında bu cür düşüncələrin doğru olmadığını bildirdi: “Belə bir deyim var, fala inanma, faldan qalma. Əslində, falın heç bir elmi əsası yoxdur. Sadəcə söz, irrasional səviyyədə tətbiq olunub. Psixologiyada proqramlama adlı bir anlayış var. Bu, ötən əsrin 70-ci illərində yaranıb. Falçılar insanları proqramlamaq ilə məşğuldurlar. Belə ki, onlar insanlara istiqamət verdikdən sonra insanlar avtomatik olaraq həmin istiqamətdə hərəkət edirlər. Belə olduqda da falçının proqnozundan 1-2 nəsə düz çıxırsa, bu da təəccüblü deyil. Belə vəziyyətdə insanlar şüuraltı olaraq bu tip məsələlərə inanmalı olurlar. Bu cür qurbanlardan isə falçılar maddi qaynaq kimi istifadə etməklə yanaşı, həm də həyatlarını bərbad edirlər”.

Psixoloq bu gün cəmiyyətin düşüncələrinin qarışıq olduğunu, müraciət etmək lazım olan şəxsləri düzgün seçmədiklərini bildirdi. O, falçılara sadəcə zəif insanların deyil, hətta intellektual iş adamlarının da müraciət etdiyini vurğuladı: “Ən acınacaqlı tərəfi bundan ibarətdir ki, fala inanan təkcə intellekt səviyyəsi aşağı olan insanlar deyil. Kifayət qədər həyat təcrübəsi, intellektual səviyyəsi olan insanlar var ki, falçı sözü ilə oturub-dururlar. Atdıqları hər addımda falçılardan məsləhətlər alırlar. Avropa ölkələrində kimsə yeni bir iş qurduqda, hər hansı bir mütəxəssis, iqtisadiyyatçıya müraciət edirsə, Azərbaycanda ilk olaraq falçı yanına üz tutulur. Təəssüflər olsun ki, falçılara müraciət edənlərin əksəriyyəti xanımlardır”.

Psixoloq falçılara üz tutan insanların əksəriyyətinin, əslində, psixoloqa ehtiyacı olduğunu bildirdi. Belə ki, falçıya müraciət edənlərin əksəriyyətinin axtardıqları onların fikirlərinə haqq qazandıran, onlara dəstək olan, xoş söz deyən biriləridir: “İnsanların falçılara üz tutması əslində zəifliyin göstəricisidir. Ən çox özünə dəstək almaq istəyən, xoş söz eşitmək istəyən insanlar bunun qurbanına çevrilir. Və hər dəfə yeni, yaxşı söz eşitmək istəyəndə falçıya müraciət edirlər”.

Psixoloq insanların diqqətinə ən vacib məqamı da çatdırdı. O bildirdi ki, falçıların əksəriyyəti ruhi pozğunluq keçirtmiş insanlardır: “Hazırda falçılıq edən insanların əksəriyyəti ruhi dispanserdə qeydiyyatda olan xəstələrdir. Onlar psixoloji pozğunluq keçirdikdən sonra bu cür fikirlər ilə cəmiyyətdə özlərinə haqq qazandırırlar. Onlar cəmiyyətdən fərqli olduqlarını vergili olmaları ilə əsaslandırırlar”.

Azərbaycanda falçılara inam yoxdur?

Ölkəmizdə falçılara olan münasibəti öyrənmək üçün rəsmi “Facebook” səhifəmizdə sorğu keçirdik. Maraqlıdır ki, çoxlarının fala baxdığı və falçılara inandığı məlum fakt olsa da, sorğuda iştirak edənlər bunu bildirməkdən çəkindilər. Respondentlərin cəmi 10%-i fala inandığını bildirdi. 23% insan falın dində haram olduğunu dedi. Sorğuda iştirak edənlərin böyük əksəriyyəti isə (67%) fala inanmadığını dedi.

İslam dinində fal qəbuledilməzdir

Fal anlayışı psixoloji zərbə olmaqla yanaşı, həm də dində qəbuledilməzdir.  Fala baxan insanlar dində kafir adlandırılır və Tanrının onları heç vaxt bağışlamayacağı qeyd edilir. Fala baxan şəxslər müxtəlif vasitələrlə insanların falına baxırlar və qeybdən xəbər verdiklərini iddia edirlər. İslam dininə görə isə Allahdan başqa kiminsə qeybi bilməsi, gələcəkdən xəbər verməsi mümkün deyil.

Mövzu ilə bağlı dini ekspert Elşad Mirinin fikirlərini öyrəndik. Elşad Miri AZXEBER.COM-a açıqlamasında bildirdi ki, fal dində heç cür qəbul edilmir, buna inanan insanlar isə dinə görə bağışlanılmır: “Falçı yanına getmək “Quran”ı inkar etmək deməkdir. Əgər biri falçı yanına gedirsə, bu yol onu kafirliyə qədər aparır”.

Ekstrasens ilə falçının fərqi nədir?

Ekstrasenslik maraqlı olmaqla yanaşı, həm də insanların ehtiyacı olan bir sahədir. Lakin bu sahəyə olan maraq da birmənalı deyil. Belə ki, müəyyən insanlar falçılara yox, ekstrasenslik qabiliyyəti olan insanlara inandıqlarını desələr də, müəyyən qruplar bunların hər ikisini magiya ilə əlaqələndirib inanmadıqlarını bildirirlər. Müasir zamanda “falçılıq” termini bəzən ekstrasensliklə əvəz olunur. Belə ki, indi falçılar onlara “falçı” deyilməsi ilə razılaşmır. Onlar bu adın “ekstrasens” adı ilə əvəzlənməsini istəyirlər. Elşad Mirinin sözlərinə görə, ekstrasenslik də falçılığın bir qoludur və dinə görə bu da qəbul edilmir: “Əslində məhsul eynidir, sadəcə adı dəyişdirilib. “Ekstrasens, yəni yeni hiss deməkdir. Demək olar ki, bu falçılıq termininin ingilis dilinə çevrilmiş formasıdır. Dində adından asılı olmayaraq, öncədən görülən heç bir amil qəbul edilə bilməz. Öncəni, qeybi Tanrıdan başqa kimsə bilə bilməz”.

Mövzu ilə bağlı ömrünün 14 ilini falçılığa həsr etmiş, adının çəkilməsini istəməyən falçı qadından bir çox məlumatlar aldıq. O bildirdi ki, onun yanına indiyədək hər mövzu ilə bağlı müraciət edənlər olub. Ən çox müraciət edənlər bəxt açmaq, ailə qurmaq üçün gələnlər olub. Falçılığın sirlərinə dərindən yiyələnən xamım dedi ki,falçılar 2 cür olur.  Öncəgörən və keçmişi görən. Bunlar xüsusi adlanır: Retrospeksiya – keçmişi görən və Proskopiya – gələcəyi görən.

Falçılığın növləri

Falçılığın müxtəlif qolları var. Belə ki, hər falçı baxdığı fala müxtəlif vasitələr ilə baxır. Falçılığın aşağıdakı növləri bir-birindən fərqlənir:

1.Astrologiya (göy cisimlərinin vəziyyətinə əsasən falabaxma) 2. Bibliomantiya (kitab açmaqla falabaxma) 3. Katanstromantiya (güzgü falı) 4. Kleromantiya (püşkatma üsulu) 5. Koskinomantiya (kəfkir və çərçivə ilə falabaxma) 6. Ktritomantiya (böcəklərin hərəkət və davranışına əsaslanan falabaxma) 7. Livanomantiya (tüstüyə əsaslanan falabaxma) 8. Numerologiya və ya arifmomantiya (rəqəm falı) 9. Oneyroskopiya (yuxuyozma) 10. Ornitomantiya (quşların hərəkət, səs və davranışına əsaslanan falabaxma) 11. Ofiomantiya (ilanların hərəkət və davranışına əsaslanan falabaxma) 12. Piromantiya (od falı) 13. Presmologiya (vəhylə gələcəkgörmə) 14. Fizioqnomika və ya morfoskopiya (üzün və bədənin, əlin içi quruluş naxışlarına əsaslanan falabaxma) 15. Xiromantiya (əl izlərinə əsasən falabaxma). Bunlar fərqli metodlar olsalar da, onları bir ümumi cəhət, zaman baryerini dəf etmək birləşdirir.

Müsahibimiz olan falçı baxarkən daha çox kartlardan istifadə etdiyini bildirdi: “İndi ən çox istifadə olunan vasitələr kartlar, noxudlar və qəhvə fallarıdır. Kimiləri saç teli, kimiləri isə dırnaqlar ilə fala baxır. Təbii ki, növlərinə görə qiymət dəyişkənliyi də olur. Fala baxmaq 30 manatdan başlayır. Amma kimsə özünə hər hansı iş gördürmək istəyirsə, onda qiymətlər dəyişir.” O, indiyədək onun yanına gələnlər arasında heç bir narazılıq ilə üzləşmədiyini də bildirdi: “Mənim müştərilərim hər zaman məndən razı qalıblar. Mənə vergi hələ 14 yaşımda, yuxumda verilib. Mən vergili olduğuma və etdiyim işlərə görə əminəm”.

Müəyyən qrup insanlar fala inanmasalar belə, yenə də bundan istifadə etdiklərini bildirirlər. Onlar buna əyləncə, oyun xarakterli bir iş kimi baxdıqlarını bildirirlər. Lakin dinşunas E. Miri bu cür mövzularla əylənməyi doğru yol olmadığını bildirdi. Din ilə oyun oynamaq düzgün yol deyil, çünki bu movzular oyun oynamaq üçün nəzərdə tutulmayıb. Buna əyləncə kimi yanaşan insanlar yaşadıqları dövrdə hər şeyə əyləncə kimi yanaşan əhlikef insanlardır”.

Elşad Miri insanlara falçılara yaxın olmaqdansa, dinə yaxın olmağı bu sahə maariflənməyi tövsiyyə etdi. O, insanları bu tip işbazların qurbanı olmamağa çağırdı.

Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR