Azərbaycanın bütün orta məktəbləri elektronlaşdırıla bilər

MARAQLI
00:36 03.12.2011
1484

Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Elina Rzayeva deyib ki, ölkədəki bütün orta məktəblərdə “Elektron məktəb” yaratmaq olar.

“Amma bu, vaxt tələb edir. Bu vaxt görülən işlərin sürətindən asılıdır. Əgər iş sürətli gedərsə, onda bunu 5-10 ilə etmək olar”, – rəis müavini qeyd edib.

O bildirib ki, bütün orta məktəblərdə “Elektron məktəb” yaratmaq üçün bu müəssisələrin informasiya-kommunikasiya strukturunu gücləndirmək, onlara müvafiq avadanlıqlar paylamaq və internetlə təmin etmək lazımdır.

“Bu mühit yaradıldıqdan sonra məktəblər “Elektron məktəb” kimi fəaliyyət göstərə bilər. Bu mühitin yaradılması üçün isə böyük miqdarda vəsait tələb olunur”, – Rzayeva əlavə edib.

Elina Rzayevanın sözlərinə görə, “Elektron məktəb”in yaradılmasının bir çox üstün cəhətləri var. Bu məktəblərdə dərs zamanı şagird müəllimlə sırf virtual formada təmasa girir. Dərs zamanı müəllim hər hansı tapşırığı həll etmək üçün şagirdin kompüterinə, şagird də onu yerinə yetirib yenidən müəllimin e-mail-inə geri göndərir. Bununla yanaşı, “Elektron məktəb”lərdə elektron sinif jurnalları da tətbiq olunur.

“Əvvəllər müəllimlər jurnalı köhnə tarixlə yaza bilərdilərsə, elektron jurnallarda köhnə tarixlə qeyd aparmaq mümkün deyil. Bu jurnallarda qiyməti dəyişmək olmur. Bu, tədrisin keyfiyyətini qaldırır”, – Rzayeva əlavə edib.

O qeyd edib ki, hazırda respublika üzrə 30 pilot “Elektron məktəb” yaradılıb. Bu məktəblərin çoxu Bakı ərazisindədir. Nazirlik “Elektron məktəb”lərin məktəblərin sayını artırmağı nəzərdə tutur.

Hazırda Azərbaycanda təqribən 4500 orta məktəb var.

//Trend

OXŞAR XƏBƏRLƏR