Rusiyanın Kemerovo vilayətində azərbaycanlı və əvvəllər məhkum olunmuş yerli sakinlə bağlı məhkəmə öz işinə başlayır.
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, onlar 30 yaşlı kişinin qətlində ittiham olunurlar. Rusiya İstintaq Komitəsinin Kemerovo vilayəti üzrə İdarəsinin məlumatında bildirilir ki, istintaqın fərziyyəsinə görə, 44 yaşlı azərbaycanlı ilə onun 30 yaşlı doğma qardaşı arasında pul borcuna görə münaqişə baş verib. Böyük qardaş əvvəllər məhkum olunan 42 yaşlı işsiz tanışına ev və pul müqabilində qardaşını öldürməyi təklif edib. Azərbaycanlı “killer”ə tapança verib və onunla cinayətin detallarını müzakirə edib. Ötən il dekabrın 3-də canilər bağça müəssisələrindən birinin ərazisində öz qurbanları ilə görüşüblər və söhbət zamanı icraçı kiçik qardaşa bir neçə dəfə atəş açıb. Onlar daha sonra öldürülənin meyitini kiçik baxımsız tikiliyə ataraq onu yandırıblar və hadisə yerindən qaçıblar. 30 yaşlı kişinin itkin düşməsi barədə onun qohumları məlumat veriblər. İstintaq-əməliyyat tədbirləri zamanı polis əməkdaşları tərəfindən cinayətin sifarişçisi və icraçısı müəyyən edilib. Sifarişçi qardaşını ona 250 min rubl (təqribən 8 min ABŞ dolları) borcu olduğuna görə öldürdüyünü bildirib. 44 yaşlı azərbaycanlı və onunla əlbir olduğu 42 yaşlı yerli sakinə qarşı cinayət işi qaldırılıb. Onlar Rusiya Federasiyası Cinayət Məcəlləsinin “qətlin təşkili” və “tamah məqsədi və ya muzdla qətl törətmə” maddələri üzrə ittiham olunurlar. Hazırda cinayət işi təsdiq olunmuş ittiham qərarı ilə mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.