Tanınmış türkiyəli modelyer Barbaros Şansal Azərbaycan mediasında yayılan xəbərləri təkzib edib.
Bu barədə Şansal Trend-ə açıqlamasında bildirib.
"Mən iştirak etdiyim televiziya proqramında xarici işlər nazirinin mənə saat hədiyyə etdiyini deməmişəm. Hətta proqram əsnasında heç kimin adını belə çəkməmişəm", - Şansal deyib.
Modelyer onu da qeyd edib ki, bu vaxta qədər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla tanış deyil.
"Qolumda olan 150-200 lirəlik saatı görən xanım iştirakçılardan biri məndən soruşdu ki, bu saat haradandır? Mən də cavabımda zarafat üçün "bunu mənə bir azərbaycanlı nazir bağışlayıb" dedim", - Şansal əlavə edib.
Türkiyəli modelyerin sözlərinə görə, təəssüf olsun ki, Azərbaycanın bəzi xəbər saytları onun sözlərini təhrif edərək sensasiya xarakterli xəbər yayıblar.
Şansal Azərbaycanın bəzi media qurumlarının zarafat xətrinə dediklərini xəbər halına gətirməsinin üzücü olduğunu, Azərbaycan mediasını isə ciddi bir media kimi tanıdığını bildirib.
"Azərbaycan mediasının Türkiyə mediası kimi sərsəm xəbərlər yayması məni təəccübləndirdi. Bir daha bildirmək istərdim ki, belə bir şey olmayıb. Belə bir xəbərin yayılması məni Bakıda tanıdığım adamların qarşında pərt etdi", - o əlavə edib.