"Açıq qapı" komediyası Rusiya-Gürcüstan müharibəsi zamanı cərəyan edən hadisələrdən bəhs edir.
"Açıq qapı" erməni komediyasında azərbaycanlılar da çəkilib. Bu barədə filmdə baş rolları oynayan aktyorlar Ovanes Azoyan və aparıcı, aktyor və müğənni Arsen Qriqoryan “Newmag” jurnalına danışıblar. Onlar qeyd ediblər ki, bunlar Gürcüstanda yaşayan bir azərbaycanlı ailənin üzvləridir. Arsen Qriqoryan deyib ki, çəkilişlər məhz onların evlərində aparılıb. “Onlar bizi dadlı çaya dəvət etdilər. Hətta təəccübləndilər ki, ermənilər onları öz layihələrinə cəlb ediblər", - deyə o bildirib. Azərbaycanlılardan başqa filmdə 6 millətin nümayəndələri - ermənilər, ruslar, gürcülər, osetinlər, ukraynalılar və amerikalılar çəkilib. Filmdəki hadisələr Rusiya - Gürcüstan müharibəsi zamanı inkişaf edir. 40 gün davam edən çəkilişlər Ermənistan-Gürcüstan yollarında aparılıb. Komediyanın rejissoru olan Avaq Avakyanın sözlərinə görə, o bu filmdə xalqların əslində bir-biri ilə döyüşmək istəmədiyini göstərməyib istəyib: “Açıq qapı” filmi müharibə şəraitində sülh axtarışıdır. Xalqlar - ruslar, gürcülər, amerikalılar, ermənilər və azərbaycanlılar birlikdə yaşamaq istəyir. Filmdə yalançı qəhrəmanlar yoxdur. Bütün real obrazlar real hadisələrdədir”. "Açıq qapı" filminin premyerası dekabrın ikinci yarısında olacaq.