“Biz sinifdəki 13-14 qızdan məktəbə eyni formada gəlməsini tələb etdiyimiz halda, sinifdə müxtəlif dəbli geyimdə olan qızlar görünür. Yaxud qeyri-ənənəvi geyimdə olan oğlan uşaqları. Məktəb rəhbərləri həmin şagirdlərin dərsə məktəbli formasında gəlməsini tələb etməkdə tamamilə haqlıdırlar. Çünki qəbul edilmiş qərar, qayda, qanun hamı üçündür. Ona görə də biz məktəbli formasının hamı üçün vacib olmasını bildiririk”. Bu fikirləri YAP-ın saytına müsahibəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva deyib.
Axeber.com –un verdiyi məlumata görə, o, son günlərdə hicab mövzusunun qabardılması ilə bağlı sualı cavablandırarkən bildirib ki, Azərbaycanın xaricdəki bədxahlarının diqtəsi ilə işləyən bəzi qüvvələr belə məsələlərlə nəyəsə nail olmağa çalışırlar: “Mən dünyanın müxtəlif qütblərini təmsil edən üç ölkəni yada salmaq istəyirəm - İsveçrə, Yaponiya və Amerika Birləşmiş Ştatları. Bu ölkələrdə Valideyn-Məktəb Assosiasiyaları təhsil sistemində xüsusi söz sahibi kimi qəbul olunurlar. Bu assosiasiyalar dövri olaraq - təbii ki, ümumi işin xeyrinə olan təkliflərlə çıxış edir və həmin təkliflər əsaslı şəkildə müzakirə edildikdən sonra həyata vəsiqə alır. Bizdə də Valideyn-Müəllim Assosiasiyaları var. Həmin qurumların çoxsaylı iclaslarında dəfələrlə müzakirə edilən məsələlərdən biri də şagirdlərin dərsə gələrkən geyindiyi məktəbli forması ilə bağlı olub. Belə ki, ölkədə bazar iqtisadiyyatı dönməz xarakter aldıqca, sahibkarlıq subyektləri çoxaldıqca, xüsusən, özəl bölmənin inkişafına dövlət dəstəyi artdıqca imkanlı adamların sayı çoxalır. Ancaq hamı eyni səviyyədə imkanlı deyil. Həmin imkan fərqi məktəblilərin geyimində özünü göstərir və hansısa şagirddə daxilən, psixoloji cəhətdən küskünlük, ruhdan düşmə prosesi başlayır. Valideynlər təklif edirlər ki, gələcəyimiz olan uşaqları həmin mənfi təzahürlərdən qorumaq üçün şagirdlərin hamısı məktəbə eyni formada gəlsin. Təhsil qurumları da bu təklifi bəyənir və rəsmiləşdirir”.