Bakının mərkəzində avtomobil yolu çöküb. Milli.Az xəbər portalına verilən məlumata görə, İstiqlaliyyət küçəsində yolun 20 kvadrat metr hissəsi dağılıb. Yolun dağılmış hissəsində yerin altından su çıxıb. Dağılmış ərazi böyük olduğundan avtomobillərin hərəkətinə mane olur.
Qeyd edək ki, həmin ərazidə bir müddət əvvəl su problem yaratmışdı. Yaxınlıqdakı yeraltı piyada keçidini su basmışdı.
Məsələ ilə bağlı Səbail rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Elman Yahyayev açqıalmasında bildirdi ki, həmin ərazidə 500 diametrlik yeraltı su xəttində sızma olub. Gizli yolla sızan su yerin üzünə çıxmadan asfaltın altına axıb və həmin ərazidə yolu yarasız hala salıb.
Onun sözlərinə görə, su xəttindəki problem bu gün yolun dağılmış hissəsinin təmiri zamanı aşkarlanıb. Belə ki, yolu təmir etmək istəyən "Azəryolservis"ASC-nin əməkdaları qazıntı apararkən su sızmasının şahidi olublar. Əraziyə gələn Səbail Rayon Su İdarəsinin əməkdaşları həmin ərazini qazaraq su xəttinin təmirinə başlayıblar.
Şöbə müdiri qeyd etdi ki, su xətti tam təmir olunduqdan sonra yol yenidən bərpa olunacaq.
Bir müddət əvvəl həmin ərazidəki yeraltı piyada keçidində baş vermiş sızmaya gəlincə, E.Yəhyayev bunu başqa səbəblə əsaslandırıdı. Bildirdi ki, həmin sızma yaxınlıqdakı məktəbin zirzəmisində yığılan qurunt suları ilə əlaqədar olub. Məktəb tam təmir olunduqdan sonra problem aradan qaldırılıb.
{jcomments off}