Azərbaycanı 201213 mövsümündə avrokuboklarda təmsil edəcək 4 komandadan 2-nin adına artıq aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, bunlar Azərbaycan kubokunun finalçıları olan “Neftçi” ilə “Bakı”dır. “Neftçi” ardıcıl 2-ci il çempion olmağını bu gün Premyer Liqasının XXX turunda rəsmiləşdirdi. Bununla da komanda ölkəmizi Avropanın ən nüfuzlu turniri olan Çempionlar Liqasında təmsil edəcək. “Bakı” isə kubokun qaydalarına görə artıq Avroliqaya vəsiqə qazanıb. Belə ki, kubokun finalçısı çempiona uduzarsa belə, avrokubokda oynamaq hüququ qazanır. Bununla da mayın 17-də “Dalğa Arena”da keçiriləcək final oyununda Avropaya vəsiqə yox, titul uğrunda mübarizə gedəcək. Belə ki, “Neftçi” kuboku da qazanıb, 8 illik fasilədən sonra “qızıl dubl” etmək iddiasındadır. Çempionatda 6-cı yerdə gedən “Bakı” isə 2 illik fasilədən sonra ölkə kubokunun sahibi olaraq, titul qazanmaq istəyir. Avroliqaya daha 2 vəsiqəni çempionatımızın gümüş və bürünc medalçıları qazanacaq. Yəni vəziyyət dəyişdiyindən, 4-cü yeri tutan komanda avrokuboklardan kənarda qalacaq. 2-ci yerdə gedən “Xəzər Lənkəran”la onun ən yaxın izləyicisi olan “İnter” ən şanslı olsalar da, 4-cü və 5-ci pilləni tutan “Qarabağ”la “Qəbələ”nin də nəzəri cəhətdən imkanı qalır.