Bakı metrosunda pik saatlarda “Bakmil”ə gedən qatarlar sıxlığı daha da artırır - AÇIQLAMA

Bakı metrosunda pik saatlarda “Bakmil”ə gedən qatarlar sıxlığı daha da artırır - AÇIQLAMA
SOSİAL
15:19 05.02.2026
688
Bakı Metropolitenində sərnişin sıxlığının ən yüksək olduğu vaxtlarda sərnişinlər üçün narahatedici bir mənzərə ilə tez-tez rastlaşırıq. Belə ki, Bakı Metropolitenində sərnişin sıxlığının pik olduğu saatlarda qatarların bir hissəsinin "Bakmil” stansiyası istiqamətinə yönləndirildiyi müşahidə olunur. 

Nəticədə isə əsas marşrutlarda qatarlar daha gec-gec gəlir, perronlarda insan sayı artır, vaqonlar həddindən artıq dolur. Onsuz da sıx olan vaxtlarda intervalın uzanması vəziyyəti daha da çətinləşdirir.

Belə olan halda ortaya sual çıxır ki, sərnişin sıxlığının nisbətən az olduğu vaxtlarda "Bakmil” istiqamətinə qatarların göndərilməsi mümkün deyilmi?

"Bakı Metropoliteni" QSC-dən AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, Bakı Metropolitenində qatarların hərəkət qrafiki sərnişin axınının intensivliyi və texniki imkanlar nəzərə alınmaqla tərtib olunur:

"Bakı Metropolitenində qatarların hərəkət qrafiki sərnişin axınının intensivliyi və texniki imkanlar nəzərə alınmaqla tərtib olunur. İlk növbədə qeyd etmək lazımdır ki, "Bakmil" stansiyası metropolitenin infrastrukturunda xüsusi yer tutur. Bu stansiya həm ətrafdakı müəssisələrin, həm də təhsil ocaqlarının əməkdaşları və tələbələri üçün vacib nəqliyyat qovşağıdır. Stansiya ətrafında çalışan və təhsil alan vətəndaşın nəqliyyat ehtiyaclarını qarşılamaq metropolitenin vəzifəsidir”.

Qurumdan bildirilib ki, pik saatlarda əsas xətlərdə sıxlığı azaltmaq məqsədilə "Bakmil" istiqamətinə göndərilən qatarların sayı minimum həddə saxlanılır:

"Pik saatlarda əsas xətlərdə sıxlığı azaltmaq məqsədilə "Bakmil" istiqamətinə göndərilən qatarların sayı minimum həddə saxlanılır. Bu həm həmin ərazidəki sərnişinlərin daşınmasını təmin edir, həm də əsas xətlərdəki intervala təsiri mümkün qədər azaldır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR