Dekabrın 4-də Bakı şəhəri ilə Rio de Janeyro şəhərinin qardaşlaşması haqqında qanun qüvvəyə minib.
AZXEBER.COM XİN-in rəsmi saytına istinadən xəbər verir ki, Rio de Janeyro şəhər şurası xarici əlaqələr komitəsi noyabrın 6-da Bakı və Rio de Janeyro şəhərlərinin qardaşlaşması haqqında qanun layihəsini qəbul edib.Dekabrın 3-də Rio de Janeyro şəhərinin meri Eduardo Paes “Azərbaycanın paytaxtı Bakı şəhəri ilə Rio de Janeyro şəhərinin qardaşlaşması” qanununu imzalayıb və qanun 4 dekabr tarixindən qüvvəyə minib.Qanunda qeyd olunur ki, Azərbaycanın paytaxtı olan Bakı şəhərinin Rio de Janeyro şəhəri ilə oxşar xüsusiyyətləri mövcuddur. Bakıda mütəmadi olaraq mədəni tədbirlərin təşkili, buradakı dinamik həyat tərzi, zəngin tarix, əzəmətli arxitektura və idmana olan rəğbət müşahidə olunur.Həmçinin Rio de Janeyro kimi, Bakının da dünya mədəni irsinin mərkəzlərindən biri kimi tanındığını və hər il minlərlə turist qəbul etdiyi vurğulanır.Bildirilir ki, gələcəkdə də Azərbaycanın paytaxtı beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. Bu da öz növbəsində iki şəhər arasında dialoqun və təcrübə mübadiləsinin inkişafına təkan olacaq.Yaxın zamanda Rio de Janeyro şəhər şurası qardaşlaşma-şəhər diplomunu Azərbaycan tərəfinə təqdim edəcək.