Tədbiri açan Azərbaycanın iqtisadiyyat və sənaye naziri, Hökumətlərarası Komissiyasının həmsədri Şahin Mustafayev bildirib ki, iki ölkə arasında diplomatik əlaqələr 21 il əvvəl qurulub. Onun sözlərinə görə, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında indiyədək ümumilikdə 10 sənəd imzalanıb: «Bu gün Azərbaycanda Səudiyyə Ərəbistanı kapitallı 6 şirkət fəaliyyət göstərir. İki ölkə arasında ticarət dövriyyəsi isə 368 mln. ABŞ dolları təşkil edir».
Nazir bildirib ki, Səudiyyə İnkişaf Fondu Xırdalan şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulmasına vəsait ayırıb: «Buna 35 mln. dollar vəsait xərclənəcək və bu layihənin icrasına gələn ildən başlanacaq».
Səudiyyə Ərəbistanı Baş İnvestisiya Qurumunun sədri, Komissiyanın həmsədri Əbdüllətif bin Əhməd əl-Osman isə bildirib ki, ölkəsi Azərbaycanı beynəlxalq tədbirlərdə, həmçinin İslam Konfransı Təşkilatında hər zaman dəstəkləyib: «Bu gün Azərbaycanla Səudiyyə Ərəbistanı arasında iqtisadi əlaqələrimiz arzu olunan səviyyədə deyil. Ölkələrimiz arasında bir neçə sənəd imzalanıb və yaxın zamanlarda ölkələrimiz ikiqat vergitutmanı aradan qaldırılacaq».
Qeyd edək ki, toplantının sonunda Hökumətlərarası Komissiyasının iclasının yekun protokolu imzalanıb.(APA)