Bakıda polis əməliyyat keçirib - 44 kq narkotik vasitə aşkarlanıb

Bakıda polis əməliyyat keçirib - 44 kq narkotik vasitə aşkarlanıb
KRİMİNAL
10:50 26.08.2025
163
Nərimanov Rayon Polis İdarəsi və ərazi üzrə 16, 17 və 18-ci Polis Şöbələrinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirlərlə qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən 8 nəfər - Eldar Cəfərov, Elmin Qazalıyev, Rahim Abdullayev, Vaqif Rzazadə, onunla əlbir olan Faiq Rzayev, Ramil Abbasov və tanışı Ruslan Məmmədov, eləcə də Rəhim Ağazadə saxlanılıblar. Onlardan ümumilikdə 44 kiloqram 452 qram, o cümlədən 1 kiloqram heroin, 2 kiloqrama yaxın tiryək, 1 kiloqram psixotrop maddə metamfetamin, 25 ədəd güclü təsiredici xassəyə malik metadon və digər növdən olan həblər aşkarlanıb.

Araşdırma zamanı saxlanılanların narkotikləri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsi ilə əldə edib paytaxt ərazisində ayrı-ayrı ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırdıqları məlum olub.

Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Bundan əlavə, Nərimanov rayonunda iyul-avqust aylarında polis əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı narkotiklərlə əlaqəli 43 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən isə cari il ərzində 79 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Ölkəboyu narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar fasiləsiz davam etdirilir.
OXŞAR XƏBƏRLƏR