Bakıda yeni tunel qovşaqları istifadəyə veriləcək

Bakıda yeni tunel qovşaqları istifadəyə veriləcək
Bütün Xəbərlər
15:00 02.09.2013
1491

Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə tədbirlər planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncam bu istiqamətdə yeni fəaliyyət mexanizminin başlanmasına şərait yaratmışdır. 

Bu tədbirlər planına uyğun olaraq nəqliyyat vasitələrinin hərəkətinin intensiv və maneəsiz hərəkətini təmin etmək məqsədilə paytaxtın Atatürk prospektində, eləcə də F.Xoyski və Vaqif prospektlərində yeni yeraltı avtomobil tunel kompleksləri istifadəyə verilmişdir. Tunel komplekslərin açılış mərasimində ölkə başçısı da iştirak etmişdir.

Paytaxtın “Gənclik” metro stansiyasının ətrafındakı “Qələbə meydanı” adlanan ərazidə və onunla kəsişən yollarda nəqliyyatın intensiv hərəkətinin nizamlanması, tıxacların aradan qaldırılması və işıqforsuz hərəkət rejimi təmin olunur. Tunel tipli yol qovşaqları vasitəsilə Atatürk və Vaqif prospektləri, həmçinin Atatürk prospekti ilə Əhməd bəy Ağaoğlu küçəsi vasitəsilə Təbriz prospekti birləşdirilir. Əlavə olaraq Təbriz küçəsindən hərəkət edən avtomobillər meydana girmədən birbaşa tunel vasitəsilə Atatürk prospektinə çıxa biləcək. Həmçinin, avtomobilləri Fətəli Xan Xoyski prospektinə qısa döngələrlə istiqamətləndirmək də mümkündür. “Qələbə meydanı” adlanan ərazidə hərəkət intensivliyindəki yaranan gərginlik və tıxac problemi tamamilə həll olunmuşdur. 

Qeyd edək ki, paytaxtda ilk dəfə olaraq bu tunel kompleksi İntellektual Nəqliyyat Sistemi vasitəsilə idarə olunacaqdır.

İstifadəyə veiləcək tunellərdə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən idarə edilən 36 ədəd kamera və 4 ədəd Elektron İnformasiya Tablosunın köməyi ilə nəqliyyatın cari vəziyyəti haqqında məlumatlar təhlil edilərək sürücülərə çatdırılacaqdır.Bu kameralar nəqliyyat vasitələrinin orta hərəkət sürəti, sayı və həcmi haqqında məlumat toplayır, eyni zamanda qəza və tıxaclar haqqında da Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə məlumat ötürmək imkanına malikdir. Hər bir tunelin girişində isə sürücülərə ətraflı məlumatların çatdırılması üçün 4 ədəd Elektron İnformasiya Tablosu quraşdırılmışdır. Elektron İnfromasiya Tablolarında cari vaxt, temperatur, həmçinin həmin ərazidə müəyyən olunmuş sürət həddi, sürücülər üçün müvafiq hərəkət istiqamətləri, eləcə də digər mətn və qrafik şəklində məlumatların çatdırılması da mümkündür.

Nəqliyyatı İntellektual İdarə Mərkəzinin server sistemi aşağıdakı xüsusiyyətlərə malikdir:

- hərəkət zolağında piyadaların və yerə atılmış əşyaların aşkarlanması;

- hərəkət etməyən və ya hədsiz yavaş hərəkət etməkdə olan nəqliyyat vasitəsinin aşkarlanması;

- əks istiqamətdə hərəkət edən nəqliyyat vasitəsinin aşkarlanması;

- nəqliyyat vasitəsinin növünün (avtomobil və ya yük) müəyyən edilməsi;

- nəqliyyat vasitələrinin sıxlığı və orta hərəkət sürətinə əsasən yol zolağının 4 ağırlıq dərəcəsinin müəyyən edilməsi. Bir qayda olaraq, sonuncu dərəcə tıxaca bərabərdir;

- sistemdəki hər bir hadisə konfiqurasiyadan asılı olaraq bir və ya bir neçə hərəkət zolağında aşkar olunmuş əhatə zonasına bağlıdır;

- hər hansı hadisə ilə bağlı vəziyyətdən asılı olaraq, informasiya tablosunda avtomatik dəyişiklik üçün müəyyən qaydalar müəyyən edilir;

- sistem digər nəqliyyata nəzarət sistemləri (Nəqliyyata İntellektual Nəzarət Sistemi də daxil olmaqla) ilə inteqrasiya edilmişdir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İntellektual Nəqliyyat Sistemi yollarda nəqliyyat vasitələrinin hərəkətinin müşahidə edilməsi, sıxlığın hesablanması, bu barədə sürücülərə məlumatların operativ çatdırılması və alternativ yolların göstərilməsi üçün nəzərdə tutulmuşdur. Sistemin əsas elementləri Müşahidə kameraları (CCTV), Video Aşkarlayıcı kameralar (VVDS) və Elektron İnformasiya Tablolarıdır(VMS) və digərləridir.

Həmçinin dayanacaqlarda quraşdırılan terminallarda yenilənmə işlərinin aparılması üçün işlərə başlanılmışdır. Nəticədən asılı olaraq gələcəkdə həm proqram, həm də avadanlıq təminatı baxımından bütün avadanlıqlarda yenilənmə işləri aparılacaqdır.

Xatırladaq ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 2011-ci ilin sonundan etibarən fəaliyyət göstərir.

OXŞAR XƏBƏRLƏR