08:48 Bazar Günü, 22 Iyul 2018
GƏNCLİK

“Baku Business Factory” Gürcüstanda danışıqlarda

16:09, 11.01.20181123
“Baku Business Factory” Gürcüstanda danışıqlarda

Bu gün Tbilisidə "Baku Business Factory”nin (BBF) nümayəndələri Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyinin rəhbər şəxsləri ilə görüşüb.

AZXEBER.COM-un xəbərinə görə, BBF-in İdarə Heyətinin üzvü Anar Əskərov Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyinin direktoru George Zviadadze və Agentliyin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Maryam Laşxi ilə görüşü zamanı BBF-in fəaliyyəti, həyata keçirilən layihələrə göstərilən dəstək imkanları, mentorluq, layihələrə investisiyaların cəlb edilməsi və digər məsələlərlə bağlı ətraflı məlumat verib.

Uğurlu keçən görüşdə BBF-lə Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyi arasında qarşılıqlı əməkdaşlıq, bu ölkənin startaplarının Azərbaycanda inkişaf etdirilməsi, Azərbaycanın startaplarının Gürcüstanda inkişafının təmin olunması istiqamətində müzakirələr aparılıb.

İlkin razılaşmaya əsasən, Bakıda BBF-lə Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanacaq. Bu isə Gürcüstanın startaplarının Azərbaycana, Azərbaycanın startaplarının Gürcüstana daxil olmasına təkan verəcək.

Qeyd edək ki, Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyi 2014-cü ildə yaradılıb. Agentliyin əsas məqsədləri Gürcüstanda innovativ ekosistemin yaradılması, bir sıra sahələrdə innovasiya və texnologiyalardan istifadənin stimullaşdırılması, innovativ sahibkarlığın kommersiyalaşdırılması, İT və innovativ startaplara dəstək vermək və sairdir.

Xatırladaq ki, "Baku Business Factory” azərbaycanlı iş adamı, "Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

XƏBƏR LENTİ