“Bank Respublika” və OPEC Fund arasında saziş imzalandı - Foto

“Bank Respublika” və OPEC Fund arasında saziş imzalandı - Foto
İQTİSADİYYAT
10:03 30.06.2026
252
"Bank Respublika” OPEC Fund ilə əməkdaşlıq çərçivəsində sahibkarlara dəstəyini genişləndirir.

Belə ki, Azərbaycanın aparıcı banklarından biri olan və ölkənin real sektorunun inkişafını fəal şəkildə dəstəkləyən "Bank Respublika” ilə OPEC Fund for International Development arasında 20 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalanıb. Dörd il müddətinə ayrılan maliyyə vəsaiti Azərbaycanda özəl sektorun inkişafına, eləcə də mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə yönəldiləcək.

Sazişi "Bank Respublika” ASC-nin İdarə Heyətinin sədri Tariyel İsmayılov və OPEC Fondunun Prezidenti Dr. Əbdülhəmid Əlxəlifə imzalayıblar. İmzalanma mərasimi OPEC Fondunun 50 illik yubileyinə həsr olunmuş "OPEC Fund Development Forum 2026” çərçivəsində Vyana şəhərində keçirilib.

İmzalanma mərasimində Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Anar Axundov və Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Rövşən Sadıqbəyli də iştirak ediblər.

Cəlb olunmuş maliyyə vəsaiti "Bank Respublika”ya real sektorun dəstəklənməsini daha da genişləndirməyə və mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi həcmini artırmağa imkan verəcək. Vəsaitlər yeni iş yerlərinin yaradılmasına, bizneslərin inkişafına və ölkənin dayanıqlı iqtisadi artımına töhfə verən layihələri həyata keçirən sahibkarların maliyyələşdirilməsinə yönəldiləcək.

OPEC Fondunun Prezidenti Əbdülhəmid Əlxəlifə bildirib: "Yerli valyutada təqdim etdiyimiz ilk kredit OPEC Fondu üçün əlamətdar hadisədir. Bu, maliyyə alətlərimizin daha da zənginləşməsinə xidmət etməklə yanaşı, innovativ həllər vasitəsilə inkişaf təsirimizi artırmağa imkan verir. Yerli valyutada maliyyələşmə risklərin azaldılması və investisiyaların təşviqi üçün mühüm vasitədir. Azərbaycanda bu istiqamətdə ilk tərəfdaşımızın "Bank Respublika” kimi güclü və etibarlı maliyyə institutu olması bizim üçün xüsusi əhəmiyyət daşıyır və uzunmüddətli əməkdaşlığımız üçün möhkəm zəmin yaradır.

"Bank Respublika”nın İdarə Heyətinin Sədri Tariyel İsmayılov qeyd edib: "Bu saziş bizim üçün sadəcə maliyyələşmə deyil. Bu, beynəlxalq inkişaf maliyyələşdirilməsi sahəsində ən nüfuzlu qurumlardan biri olan OPEC Fund tərəfindən Bank Respublika-ya göstərilən etimadın mühüm göstəricisidir. Biz Dr. Əbdülhəmid Əlxəlifə və onun komandasına yüksək peşəkarlığa və səmimi qəbula görə dərin təşəkkürümüzü bildiririk. İnanırıq ki, bu saziş "Bank Respublika” ilə OPEC Fund arasında uğurlu və uzunmüddətli tərəfdaşlığın möhkəm təməlini qoyacaq”.
 

 


OXŞAR XƏBƏRLƏR