xari

Bayram Səfərov: "Şuşasız şəhərin icra başçısı olmağın əzablarını yaşamışam"

SOSİAL
18:39 01.12.2020
552
"Noyabrın 8-də Ali Baş Komandan cənab İlham Əliyevin iftixar və qürurla bütün Azərbaycan xalqına, o cümlədən də biz şuşalılara duyurduğu bu müjdəni eşidəndə gözlərim doldu, ağladım."
 
Bu sözləri Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirib.

Tank, BTR, vertolyotla bütün kəndlərə lazımi malları çatdırırdıq.

- Zəhmətkeş ailədə dünyaya göz açmışam. Biz 10 uşaq olmuşuq. Anam evdar qadın idi, amma bizim təlim-tərbiyəmizdə böyük rol oynayıb, hamımıza ali təhsil verib. Atamın da zəhməti, əziyyəti çox olub üzərimizdə. O, bizi elə saxlayıb ki, bir dəfə də olsun korluq deyilən şey hiss etməmişik, ehtiyac nə olduğunu bilməmişik. Baxmayaraq ki, elə də çox varlı olmayıb, amma bizi mənəvi cəhətdən zəngin böyüdüb, xeyirxahlıq etməyi, insanları sevməyi, zəhmətkeşliyi aşılayıb. Həm də atam məni uşaqlıqdan ailənin böyüyü kimi tərbiyələndirmişdi. Məsələn, bacı-qardaşlarıma da deyirdi ki, hər hansı məsələ ilə bağlı mütləq mənim də icazəmi alsınlar. Elə indinin özündə də bütün bacı-qardaşlarım ailənin böyüyü, ağsaqqalı kimi sözümə qulaq asırlar.

Yeniyetməlik dövrümdən atama, anama, ailəmizə kömək etməyə, dəstək durmağa çalışmışam. 17 yaşımdan Şuşa Kurort Ticarət İdarəsində işləmişəm, sonra isə qiyabi təhsil almışam. Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakıdakı filialında Ticarətin təşkili və iqtisadiyyat fakültəsində oxumuşam. Sonra isə Şuşa Rayon İstehlak Cəmiyyəti İdarə Heyətinin sədri olmuşam.

Elə Şuşanın çətin, dar günlərində də Şuşada vəzifə borcumu yerinə yetirirdim. Dağlıq Qarabağın bütün rayon və kəndlərini, Şuşa, Laçın və Kəlbəcərə yaxın yerlərin təminatı ilə məşğul idim. O vaxt "raypo” deyilən bir idarə var idi. Mən həmin idarənin sədri, eyni zamanda "Azərittifaq”ın idarə heyətinin üzvü idim. Heç görmüsünüz, müharibədə bir nəfər azərbaycanlı desin ki, "Mənim unum, çörəyim, nöyütüm, yeməyim yoxdur?” Hamı deyirdi ki, silahım yoxdur! Mən sinəmə döymürəm, amma o xidməti biz göstərmişik. Cəsarətlə, cürətlə tank, BTR, vertolyotla bütün kəndlərə lazımi mallarını çatdırmışıq.

Alnıaçıq, zəhmətlə, əziyyətlə böyümüşəm. Qoçaq deyim, cəsarətli deyim, ya cürətli deyim, bilmirəm, bacardığım qədər tapşırılan vəzifələrin öhdəsindən gəlməyə çalışmışam. Heç vaxt mənə verilən tapşırığı icra edib qurtarmayana qədər sakitləşməmişəm.

Bir müddət isə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışmışam. Cəmi üç ay müddətində Şuşanın tarixində izi qalan böyük insanlarla - Mikayıl Gözəlovla, Mənsur Məmmədovla və Nizami Bəhmənovla bir yerdə işləmək nəsibim olub. Lakin ovaxtkı hakimiyyətin Şuşaya heç bir kömək etməməsi səbəbindən 5 mart 1992-ci ildə vəzifəmdən istefa vermişəm.

Ağlıma da gətirməzdim ki, bir daha Şuşaya qayıda bilməyəcəm.

- 1992-ci il may ayının 6-da Şuşadan çıxmışam. Çünki ayın 7-də dostumun qardaşının il mərasimində iştirak etmək üçün Bərdəyə getmişdim. O dövrdə Şuşada yas vermək mümkün deyildi. Ağlıma da gətirməzdim ki, bir daha Şuşaya qayıda bilməyəcəm. Amma mayın 6-na qədər bütün ailə üzvlərimiz Şuşada idi, iki qardaşım isə mayın 8-də Şuşadan çıxıb. Kiçik qardaşım həmin gün qalmışdı, o biri qardaşım Kamil gəlmişdi. Mən onu çox danladım ki, sən nə təhər onu qoyub gəlmisən? Ailə üzvlərimizin hamısı sağ-salamat gələ bilmişdi. Amma bir dayımın oğlu sonradan Kəlbəcərə getmişdi, qar uçqununda qalmışdı. Mən özüm onu axtarmaq üçün Daşkəsənə qədər getmişdim. Orada şəhid balalarımızın qarın altında qalaraq necə donub öldüklərinin şahidi oldum. Amma bu faciəli mənzərəni görüb yaşamaq çox ağırdır. Hələ də o gün gördüklərim gözlərim önündən getmir və illər sonra belə xatırladıqca eyni ağrı-acılı hissləri keçirirəm...

Şuşasız Şuşa şəhərinin icra başçısı olmağın əzablarını yaşamışam.

- Bu illər ərzində, həm də Şuşasız Şuşa şəhərinin icra başçısı olmağın əzablarını yaşamışam. Elə olub ki, hansısa məsələ ilə bağlı şuşalılar mənə müraciət edib, amma imkanım olmayıb ki, onlara kömək göstərim. Yanıma elə adamlar gəlib ki, onların Şuşadakı ata-baba mülkləri çox böyük olub, amma məcburi köçkünlükdə çətin şəraitdə yaşamağa məcbur olublar. Onların qaldıqları yerləri, hansı şəraitdə yaşadıqlarını görəndə ürəyim ağrıyırdı.

Düzdür, Azərbaycan dövləti, hakimiyyəti hər zaman məcburi köçkünlərə kömək göstərib, xüsusilə Ulu Öndərin hakimiyyətə qayıdışından sonra bu diqqət və qayğı daha da yüksək olub. Onlar üçün qəsəbələr salınıb, işlə təmin olunublar, maddi yardımlar göstərilib. Eyni zamanda məcburi köçkünlərə göstərilən bu qayğı möhtərəm Prezidentimiz İlham Əliyevin birbaşa diqqəti sayəsində ən yüksək zirvəsinə çatıb. Tam əminliklə demək olar ki, dünyanın heç bir ölkəsində qaçqın və məcburi köçkünlərə bu səviyyədə qayğı və diqqət göstərilməyib.

Bütün Azərbaycan xalqı bizə əl tutub, kömək edib. Təbii ki, həm dövlətimizin, həm də ümumilikdə xalqımızın maddi və mənəvi dəstək durması, bizlərə də əlavə ruh verib. Həmçinin Şuşaya qayıdacağımızla bağlı ümidlərimizin ölməsinə imkan verməyib.

İllər əvvəl Ulu Öndər Heydər Əliyev əziz qonağımız olmuşdu.

- Şükürlər olsun Allaha ki, biz artıq qaçqın həyatından qurtulur, Şuşaya, doğma Qarabağın digər şəhər və rayonlarına qayıtmağa hazırlaşırıq, bir sözlə, köç ərəfəsindəyik. İndi ən böyük arzumuz, bizə bu xoşbəxtliyi yaşadan möhtərəm Prezidentimiz İlham Əliyevi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı, eyni zamanda bizə doğma qucağını açmış xalqımızı o səfalı yurdlarda qonaq etmək, qulluqlarında durmaqdır.

Necə ki, elə illər əvvəl Ulu Öndər Heydər Əliyev Şuşaya bir ildə iki dəfə səfər edərək əziz qonağımız olmuş, bizə fəxarət gətirmişdi.

1982-ci ilin yanvar ayıydı. Həmin gün Şuşaya lopa-lopa qar yağırdı. Yadımdadır, yollar sürüşkən idi və əhalimiz Heydər Əliyevin maşınını Şuşaya əllərinin üstündə çıxarmışdılar.

Ulu Öndər Molla Pənah Vaqifin məqbərəsinin açılışında iştirak etdi, təntənəli nitq söylədi. O zaman möhtərəm Prezidentimiz İlham Əliyev də, Zərifə xanım da onunlaydı. Natəvan xanımın büstünün açılışında da rəhmətlik Heydər Əliyev Şuşaya gəlmişdi. Bütün bu ziyarətlər isə hər bir şuşalıda böyük əhvali-ruhiyyəyə səbəb olmuş, illər sonra belə unutmayacaqları əziz günlərə çevrilmişdi.

Onu da qeyd edim ki, hələ 1976-cı ildə Heydər Əliyev Mərkəzi Komitənin qərarı ilə Şuşanı Ümumittifaq Kurort Əhəmiyyətli Şəhər elan etmişdi. Və təsadüfi deyildi ki, Ulu Öndər Moskvaya göndərildikdən sonra Şuşanın inkişafında süstlük yaranmışdı.

Anamın, atamın, qardaşımın qəbri Şuşadadır.

- Əvvəllər Şuşanın 90-100 min nəfərə qədər əhalisi olub, ancaq şəhər erməni rəhbərliyi altında vilayətə tabe olduqdan sonra əhalisi azalıb. Ermənilər hətta azərbaycanlıların həyətlərində belə özlərinə ayrı bir ev tikməsinə imkan vermirdilər. İnsanların şəraitdən bezərək buranı tərk etməsini istəyirdilər. Eyni zamanda kənardan təsərrüfatla məşğul olmaq üçün buraya gələn Kəlbəcər və Laçın əhalisini də qeydiyyata almırdılar. Bütün bunları isə ona görə edirdilər ki, Şuşada azərbaycanlı əhalinin sayı azalsın. Erməni faşistləri xalqımıza qarşı çox mənfur işlər həyata keçiriblər, saymaqla bitməz...

Anamın, atamın, qardaşımın qəbri Şuşadadır. Hətta ermənilər Şuşada olduğum zaman elə bir şərait yaratdılar ki, atamın qəbrinin üzərinə Ağdamda düzəltdirdiyim başdaşı, sinədaşını aparıb qoydura bilmədim. Çünki qəbiristanlıqla ermənilərin iki kəndinin məsafəsi yaxın idi və məzarlıqda işləyənləri güllə ilə vura bilərdilər, onlar belə namərd idilər...

Hər zaman demişəm ki, bu dünyada hər şeyim var, amma sanki heç bir şeyim yoxdur. Bu illər ərzində belə yaşamışam. Heç zaman özümə bağışlaya bilməmişəm ki, necə olur ki, atamın, anamın, qardaşımın qəbrini ziyarət edə bilmirəm?! Məni həyata gətirən, tərbiyə, təhsil verən anamın məzarına 1 dəstə gül qoya bilmirəm...

Görün, erməni bizə necə dağ çəkib, nə zülmlər edib...

Prezidentimiz bizə tək torpağımızı deyil, namusumuzu da qaytardı...

Şuşalılar doğma yurdumuzun azadlıq xəbərini eşidəndən zəng edirlər ki, nə vaxt köçürük? Hamı Şuşaya köçmək istəyir. Prezidentimizin göstərişi ilə tez bir zamanda doğma torpaqlarımıza qayıdacağımız günü gözləyirik.

Kaş Şuşa həsrəti ilə dünyadan köçən bütün azərbaycanlılar bu günü görə biləydi. O qədər insan Şuşa dərdindən öldü ki...

Mən torpaqlarımızın azadlığı uğrunda canını qurban edən bütün şəhid övladlarımızın ruhu qarşısında da baş əyir, onlara uca Allahdan rəhmət diləyirəm.

Şuşada ilk gedəcəyim yer qəbiristanlıq olacaq, doğmalarımın məzarlarını ziyarət edəcəm. Sonra evimə baş çəkəcəm, yəqin ki, indi xarabazara çevrilib. Yaşamaq üçün yer olmasa da, çadır qurub onun içində yaşayacam. Daha ömrümün qalan hissəsini Şuşasız qalmaq, yaşamaq istəmirəm...

Şuşa ilə bağlı arzularım çoxdur. Həyatımın qalan hissəsini Şuşama, şuşalılarıma həsr etmək, xalqıma, dövlətimə, Prezidentimə xidmət göstərmək istəyirəm. Şuşada quruculuq işləri çox olacaq, bilirəm ki, möhtərəm Prezidentimiz İlham Əliyev Mehriban xanımla birlikdə Şuşanı yenidən qədimliklə müasirliyin çulğalaşdığı cənnət-məkana çevirəcək.

"Azərbaycan qəzeti”

OXŞAR XƏBƏRLƏR