“BƏƏ ilə Azərbaycan arasında yeni münasibətlər formalaşır” - ŞƏRH

“BƏƏ ilə Azərbaycan arasında yeni münasibətlər formalaşır” - ŞƏRH
SİYASƏT
12:33 18.01.2023
438
Yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər etdi. Prezidentin BƏƏ səfərinin bir sıra önəmli məqamları var. 

Politoloq Tofiq Abbasov AZXEBER.COM-a açıqlamasında Prezidentin BƏƏ-yə səfərinin önəmli tərəflərindən danışıb.

 

O, qeyd edib ki, bu, bizim ölkəmiz üçün çox önəmli bir hadisədir:

"Prezidentin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri işgüzar səfər idi və eləcə də oradan dövlət başçısı Dayanıqlılıq Həftəsinin bir neçə tədbirində iştirak etməli idi. Çünki burada söhbət hidrogen enerjisinin istifadəsindən gedir. "Yaşıl hidrogen” sammiti adlı tədbir də keçirilməli idi ki, orada Prezidentin çıxışı da nəzərdə tutulmuşdu. Bu, bizim ölkəmiz üçün çox önəmli bir hadisədir. Çünki Dayanıqlılıq Həftəsinin əsas təşkilatçısı BƏƏ-nin məşhur "Mastar" şirkətidir. Bu, "Yaşıl" enerji sahəsində dünyada məşhurdur. O, yeni texnologiyalara yiyələnmiş bir təşkilatdır. Onların bir çox ölkələrdə işçi qrupları fəaliyyət göstərir, o cümlədən də, Azərbaycanda. Ötən ilin martında "Mastar"la Azərbaycan arasında Gülüstan sarayında vacib saziş imzalandı. Onlar ölkəmizin ərazisində 230 MVt gücdə olan "Qaradağ” Günəş Elektrik Stansiyasının tikilişini təmin edəcəklər. Artıq bu istiqamətdə işlər başlayıb”. 

Politoloq qeyd edib ki, bərpa olunan enerji mənbələrini proseslərə qatmaq son dərəcə vacibdir:

"Kənardan neftin, qazın olması bir qədər bu məsələlərin hamısına xüsusi bir çalar gətirir. Bir halda ki, Azərbaycan enerji resurslarına malikdir, bəs niyə indi strateji hədəflərdən biri bu "Yaşıl" enerjinin istehsalı olur? Bu, çox uzaqgörənlik gedişidir. Prezident İlham Əliyevin bütövlükdə konsepsiyasından irəli gələn bir təşəbbüsdür. Birincisi, heç məsələ onda da deyil ki, neftlə qaz bir resurs olaraq nə vaxtsa tükənəcək. Məsələ bundadır ki, bərpa olunan enerji mənbələrinin imkanları genişdir və onları proseslərə qatmaq son dərəcə vacibdir. Ona görə ki, vaxtilə insanlar daş-kömürdən istifadə edirdisə, sonra mazutdan, neftdən, qazdan, təbii ki, bunların istismarı qlobal istiləşməyə gətirib çıxaran məsələdir. İstər-istəməz karbon qazları, zərərli maddələr atmosferə atılır və karbon emissiyasının azaldılması indi hər bir ölkənin qarşısında duran əsas məsələrən biridir. Düzdür, qaz ixracatı bizim üçün daha önəmli məsələyə çevrilib. Biz görürük ki, Avropa İttifaqı Azərbaycanla bu zəmində münasibətlərini gücləndirmək niyyətindədir. Bu, çox gözəl bir göstəricidir. Amma əgər biz həm ölkə daxilində, həm də ixracat layihələrimizdə enerji genorasiyasını "Yaşıl" enerji hesabına edəcəyiksə, bu, bizə imkan verəcək ki, ölkə daxilində qazın istismarını azaldaq və daha çox ixracata yönəldək. İstər-itəməz bu proseslərin effektli tərəfləri çoxdur”. 

Tofiq Abbasov qeyd edib ki, BƏƏ ilə Azərbaycan arasında yeni münasibətlər formalaşır:

"Hesab edirəm ki, BƏƏ ilə Azərbaycan arasında yeni münasibətlər formalaşır. Biz bir-birimizə yaxşı bələd olan məmləkətlərik. İki dövlət arasında siyasi dialoq müntəzəm davam edir. Təsadüfi deyil ki, səfərin ilk günü Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşdü və orada Prezidentlərin çox geniş formatda danışıqları, fikir mübadiləsi oldu”.

"Biz həm də beynəlxalq meydanlarda bir-birimizi dəstəkləyirik. Eləcə də, bu yaxınlarda Ermənistanın fitvaları nəticəsində Fransa anti-Azərbaycan qətnaməsinin qəbulu ilə bir "təşəbbüs” irəli sürmüşdü. Onun da qarşısını alanlardan biri də BƏƏ oldu. Biz görürük ki, Azərbaycan diplomatiyası nə dərəcədə məqsədyönlü şəkildə fəaliyyət göstərir. Məqsəd riskləri azaltmaq, dostların sayını artırmaqdır. Bu işi də biz çox gözəl görürük. Biz həm də Avrasiya məkanında öz mövqelərimizi möhkəmləndirmiş oluruq, - deyə politoloq əlavə edib.

Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, Azərbaycan ilə BƏƏ arasında son illər iqtisadi əlaqələrin genişlənməsi müşahidə olunur: 


"İki ölkə arasında ticarət dövriyyəsinin artması fonunda sərmayə qoyluşlarında da yüksəliş var. 2021-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 20.3 faiz artaraq 50.4 milyon dollara çatıb. 2022-ci il ərzində isə ticarət dövriyyəsində daha ciddi artımlar müşahidə olunub. Belə ki, bu ilin ilk 10 ayında ticarət dövriyyəsi 90.4 milyon dollara çatıb. Ötən ilin noyabr ayında daha 4.2 milyon dollarlıq ticarət nəticəsində ilk 11 ayında dövriyyə 94.6 milyon dollaradək yüksəlib. Ötən ilin ilk 11 ayında iki ölkə arasındakı ticarət dövriyyəsi 2021-ci ildəki illik dövriyyədən 87.6 faiz çoxdur. Bu isə münasibətlərin artan dinamikasını bir daha təsdiq edir”.

Deputat qeyd edib ki, BƏƏ Azərbaycanda xüsusi ilə bərpa olunan enerji sahəsində aktiv ölkələrdəndir:

"Bu sahədə qarşılıqlı münasibətlərin daha da möhkəmlənəcəyi gözlənilir. Eyni zamanda, BƏƏ sahibkarlarının işğaldan azad olunan ərazilərimizdə sərmayə qoyuluşlarında iştirakı da vacib istiqamətlərdəndir. Bütövlükdə, körfəz ölkələrindən Qarabağ və Şərqi Zəngəzura daha çox sərmayənin cəlb edilməsi prioritetdir.

Azərbaycan ilə BƏƏ arasında fərqli sektorlar üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensial var. Bu baxımdan, səfər zamanı keçirilən görüşlər və razılaşmalar da məhz bu potensialın daha yaxından istifadəsinə imkan yaradacaq. Bu baxımdan, Azərbaycan Prezidentinin son səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək”.

Aydın Nuri

Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusunda dərc edilib.

 



OXŞAR XƏBƏRLƏR