"Müharibələrdən sonra belə hadisələr baş verir" - Deputatdan qazinin intiharına MÜNASİBƏT

"Müharibələrdən sonra belə hadisələr baş verir" - Deputatdan qazinin intiharına MÜNASİBƏT
SOSİAL
12:39 13.07.2022
574
"Bəzi qazilərimizdən, onların psixoloji durumundan istifadə edərək daxilimizdə olan düşmənlər, ermənipərəst qüvvələr öz çirkin niyyətlərinə çatmaq üçün sanki müxtəlif uydurmalar uyduraraq təhrik edirlər ki, onlar bir qarşıdurma yaratsınlar. Nəticə etibarilə də bu, onların psixoloji durumuna çox ciddi təsir edir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov son günlər müzakirə olunan qazilərlə bağlı məsələlərə münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, dövlət tərəfindən şəhid ailələri və qazilərimizi narahat edən problemlərin həlli istiqamətində çox mühüm addımlar atılıb:

"Ölkə başçısı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın bütün dövlət strukturları qarşısında bir nömrəli prioritet vəzifə həssas qrupa aid olan şəhid ailələrinin üzvləri və qazilərimizi diqqət mərkəzində saxlanılmasıdır. Azərbaycan dövləti tərəfindən şəhid ailələri, o cümlədən qazilərimizi narahat edən problemlərin həlli istiqamətində çox mühüm addımlar atılmışdır. Ölkə başçısının sərəncamı ilə 2021-2025-ci illər ərzində bu həssas qrupa aid olan insanların fərdi evlər və mənzillərlə təminatı dövlət proqramı qəbul olunmuş və nəticə etibarilə bu günə qədər 13 mindən çox insan ötən illər ərzində mənzillərlə təmin olunmuşdur. Bunun 3 min 500-ü təxminən Vətən müharibəsindən sonrakı dövrü əhatə edir. Eyni zamanda qazilərimizin nəqliyyat vasitələri ilə təminatı prioritet məsələlərdən biridir ki, bu gün kimi qazilərimiz 7 min 400-dən çox nəqliyyat vasitələri ilə təmin edilib. Ölkəmizin iqtisadi gücü artıqca onlara ödənilən sosial ödənişlərin, pensiyaların məbləği də artırılır. Bununla bağlı ölkə başçısı tərəfindən bir neçə dəfə sərəncamlar imzalanıb. Ən müasir və bahalı protezlərlə qazilərimizin təminatı prosesi həyata keçirilir. Onların sağlamlığına qovuşması üçün istər ölkə daxilində, istərsə də xaricdə müalicələr aparılır. Özünəməşğulluq proqramı çərçivəsində qazilərimizin məşğulluqla əhatə olunması kimi layihələr həyata keçirilir.

Dövlət başçısının sərəncamı ilə "Yaşat Fondu" da yaradıldı. Fondun bir illik hesabatında da biz gördük ki, bir sıra vacib və əhəmiyyətli məsələlərin həllində "Yaşat Fondu" da çox böyük işlər görüb. Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən müxtəlif layihələr həyata keçirilir. Sözügedən şəxslərin sağlamlığı istiqamətində mühüm addımlar atılır. Bütün bunlar Azərbaycan dövlətinin bu həssas qrupa aid olan insanların qayğılarının əhatəli şəkildə həll olunması istiqamətində atılmış mühüm addımlardır".

Qazilərin intihar etməsindən danışan deputat qeyd edib ki, dünya tarixində baş vermiş istənilən müharibələrin yekunlarına baxanda belə hadisələrin baş verdiyini görürük:

"Amma çox təəssüf ki, biz görürük ki, bəzən bizim qazilərimiz intihar edirlər. Əlbəttə ki, bu, çox təəssüfedici haldır. Növbəti dəfə biz gördük ki, Sabirabadda belə bir hal baş verdi. Bütün bunlar çox üzücü haldır. Biz dünya tarixində baş vermiş istənilən müharibələrin yekunlarına baxanda görürük ki, belə hadisələr baş verir. Bu, ilk növbədə psixoloji durumun nəticəsidir. Əsas məqam bundan ibarətdir. Biz eyni zamanda görürük ki, bəzi qazilərimizdən, onların psixoloji durumundan istifadə edərək daxilimizdə olan düşmənlər, ermənipərəst qüvvələr, anti-milli qüvvələr, 5-ci kolon, xəyanətkarlar şurası öz çirkin niyyətlərinə çatmaq üçün sanki müxtəlif uydurmalar uyduraraq təhrik edirlər ki, onlar bir qarşıdurma yaratsınlar. Nəticə etibarilə də bu, onların psixoloji durumuna çox ciddi təsir edir. Əlbəttə ki, bunun da çox böyük təsirləri var. Çox təəssüf ki, anti-milli qüvvələr tərəfindən belə addımlar da atılır. Onlar bununla birbaşa ermənipərəst dairələrə xidmətini həyata keçirirlər”.

C.Osmanov qeyd edib ki, intiharların hər birinin hüquqi araşdırılması aparılır:

"Daha bir amil əlbəttə ki, kiminsə bir laqeydliyi ucbatından da baş verə bilən hadisələrdir. Bütün hallarda intiharların hər birinin hüquqi araşdırılması aparılır və hər birinə hüquqi qiymət verilir. Bu məsələdə günahkarlar olduqca da onlara hüquqi qiymət veriləcək”.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR