La Liqanın prezidenti Xavyer Tebas qurumun İspaniya çempionatının 20-ci tur matçında (2:0) "Real Madrid"in yarımmüdafiəçisi Jud Bellinqhemin "Xetafe"nin hücumçusu Meyson Qrinvudu təhqir etməsi ilə bağlı iddiaları araşdırdığını təsdiqləyib.
"Düzdür, La Liqa Bellinqhemi araşdırıb. Araşdırmada ilk dəfə deyil ki, dodaq oxuma üsulundan istifadə edirik. Söylənənlərin hansı təsirə malik olduğunu bilmirik. Ola bilsin ki, o, iddia etdiyindən tamamilə fərqli bir şey deyib", - Tebas deyib.
Xatırladaq ki, mətbuatda "Real Madrid"in yarımmüdafiəçisi Jud Bellinqhemin oyun zamanı həmyerlisi, "Xetafe"nin futbolçusu Meyson Qrinvudu "təcavüzkar" adlandırması barədə məlumat yayılıb.
Qrinvud ötən ilin sentyabrında Xetafeyə köçüb. İngiltərəli futbolçu İspaniya klubuna qoşulmazdan əvvəl zorlama və hücuma cəhddə şübhəli bilinərək həbs olunduqdan sonra futbolçu 18 aydan çox müddətə meydanlardan uzaq qalıb, lakin sonda bəraət alıb.
///BAKU.WS