Berti Foqts azərbaycanlı futbolçuları tənqid etdi

İDMAN
12:11 28.05.2012
1711
Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun müsahibəsi- Almaniya klubları və milli komanda sonuncu dəfə 1976-cı ildə ÇSSR-lə qarşılaşmada penalti seriyasında məğlub olmuşdu. Bundan 36 il sonra “Bavariya” “Çelsi”yə məğlub oldu. Penaltilər seriyalarında bu cür uğurun səbəbi nədədir? - Bizdə dünyanın bütün futbolçularının penaltini necə yerinə yetirəcəyi ilə bağlı informasiyalar var. Bu informasiya xüsusi şöbə tərəfindən toplanır. Hansı futbolçu penaltini necə vurur, topu hansı küncə vurur, hansı güclə zərbə endirir, hamısını bilirik. Eyni zamanda qapıçıların da özlərini necə apardıqlarını toplayırlar. Məhz bu bizə yardım göstərir. Bu informasiyalar oyun zamanı qapıçılarımıza ötürülür və bu da bizə kömək edir.- Yəni bu mentalitetdən gəlmir. Sırf rəqibi öyrənməyin nəticəsidir... - Bəli, burada mentalitetlə bağlı heç nə yoxdur. Futbolçu öz zəhməti və çalışqanlığı ilə hər şeyi bacara bilər. Mentalitet az təsir göstərir. Hər bir insanın əsəbləri var. Almanların da əsəbləri dəmirdən deyil. Biz də penaltilər seriyası zamanı həyəcan keçiririk. 1976-cı ildə ÇSSR-lə qarşılaşma zamanı penaltilər seriyasında çox həyəcanlı olmağımı unutmamışam. Yadımdadır ki, Höness penaltini vurmadıqda sevindim. Baxmayaraq ki, biz onun zərbəsindən sonra məğlub olduq, bu məni məyus etməkdən əlavə həm də sevindirdi. Bilirsiz nəyə görə? Çünki ondan sonra növbə mənim idi. Qorxurdum ki, penaltini yerinə yetirə bilməyim. Ona görə də, Höness penaltini vurmadıqda rahatladım.- “Bavariya”nın nəyə görə seriyanı uduzmasını deyə bilərsizmi? - Mənə elə gəlir ki, artıq seriyadan əvvəl “Bavariya” məğlub olmuşdu. Onlar “Alyans Arena”nın həyəcanını boğa bilməmişdilər. “Çelsi” çox rahat idi.Çünki onlara o qədər təzyiq yox idi. Bu oyun başqa bir ölkədə olsaydı, “Bavariya” mütləq qələbə qazanardı. Mən məşqçi olanda, penalti seriyasında futbolçuları tamamilə başqa cür kökləyirdim. Onlarda özünə inamı artırırdım. Andreas Müller var idi. Yəqin ki, yaxşı xatırlayırsız. Çox güclü və texniki cəhətdən yüksək səviyyəli futbolçu idi. Lakin əsəbləri çox zəif idi. Özü də zəif adam idi. Onu komandada qadın adlandırırdılar. Penaltilər seriyasında onun vuracağını bildirdikdə hamı çaşdı. Çünki onun əsəblərinin zəif olduğunu hamı bildirdi. Lakin mən tam əminliklə onun vura biləcəyini söyləməklə sanki onu sakitləşdirdim və o da penaltini dəqiq yerinə yetirdi.- Sonuncu dəfə sizinlə birlikdə Avropa çempionu olan Almaniyanı Polşa və Ukraynada nə gözləyir? - Almaniya çempionatın favoritidir. Həmişə olduğu kimi. Çünki heyətimiz çox güclüdür. Həm qapı xətti, həm müdafiə, həm yarımmüdafiə, həm də hücum xətti.- Qrupun çətin olması problem yaratmayacaq ki? - Əlbəttə ki, qrup çox çətindir. Lakin növbəti mərhələyə çıxacağımıza inanıram.- Hansı komanda Almaniya ilə birlikdə qrupdan çıxa bilər? - Sözsüz ki, digər komandaların 3-ü də layiqdir. Lakin mən Hollandiyanın növbəti mərhələyə çıxacağını güman edirəm.- Favoritlərdən başqa hansı komanda sürpriz edə bilər? - İtaliya həmişə favoritlər sırasında olub. Bu dəfə belə sayılmır. Hər kəs Almaniya və İspaniyanı favorit sayır. Ona görə də bu iki favoritdən başqa mən İtaliyanın uğur qazanacağına inanıram. Digər bir sürpriz komanda kimi Polşanı qeyd edə bilərəm. Bu yığmanın güclü futbolçuları var. Onlar Bundesliqada uğurla çıxış edirlər.- Polşalı futbolçulardan söz düşmüşkən, onların liderləri Dortmund “Borussiya”sında çox güclü bir mövsüm keçiriblər. Həmçinin, komandamızın rəqibi Yaponiya komandasının futbolçusu Kaqavanı da qeyd edə bilərik. Hal-hazırda “Mançester Yunayted” onu transfer etmək niyyətindədir. Bu futbolçuların ayrılıqda güclü oynaya biləcəyinə inanırsınızmı? Çünki adətən komanda oyunu oynayan futbolçular klubu dəyişdikdə çətinliklərlə üzləşirlər. Buna misal kimi, Nuri Şahini qeyd edə bilərik. O, “Borussiya”dan “Real”a keçdikdən sonra sanki geriyə addım atıb. - “Mançester Yunayted” zəif futbolçular almır. Kaqava güclü futbolçudur. Əlbəttə ki, “Borussiya”nın sistemi fərqlidir. Lakin Ferqyusonun Kaqavanı oynada biləcəyini söyləmək olar. Həm də ki, “Borussiya” belə transferlərdən çox xeyir görür. Futbolçunu Yaponiyanın 2-ci liqasından tapıb 20 milyona satmaq böyük işdir.- Son illərdə Almaniyada yetişən bu qədər istedadın səbəbi hansı hadisənin nəticəsidir, ya bu məqsədəuyğun işin bəhrəsidir? - Burada əsas səbəb uşaq futboluna diqqətdir. Almaniyada təkcə Bundesliqa klublarının deyil, aşağı liqalarda olan klubların da futbol akademiyaları var. Orada yüksək səviyyəli məşqçilər işləyir. Onlar yaxşı məvaciblər alırlar. Ölkədə hər bir yaş qrupunda turnirlər və çempionatlar keçirilir.- Artıq uzun müddətdir ki, Azərbaycandasız. Futbolçuları çox yaxşı tanıyırsız. İmkanınız olsaydı, alman futbolçularda olan hansı keyfiyyəti azərbaycanlı futbolçulara aşılayardız? - Çalışqanlığı. Almaniyada futbolçular öz üzərində çox işləyirlər. Onlar məqsədə doğru var qüvvə ilə addımlayırlar. Bu xüsusiyyət azərbaycanlı futbolçularda yoxdur. Onlar bu gün qazandıqlarından, bu günki vəziyyətlərindən razı qalaraq inkişaf etmək istəmirlər. Onlarda əzmkarlıq çatmır. Bunu dəyişmək lazımdır. Əlbəttə ki, burada çempionat da öz təsirini göstərir. Elə oyunlar var ki, orada nəticə heç bir əhəmiyyət kəsb etmir. Futbolçular tam qüvvə ilə oynamırlar. Misal üçün kubok oyunları. Azərbaycan kubokunda hər mərhələdə iki oyun keçirilir. Futbolçular 1-ci oyunda "2-ci oyun var, uduzsaq da heç nə olmaz" deyə fikirləşirlər. Oyunların bəziləri belə tərzdə keçir. Buna görə də futbolçular gərginliyə alışa bilmirlər. Mən təklif edərdim ki, kubok oyunları bir qarşılaşmadan ibarət olsun. Burada sual meydana çıxır ki, oyunların sayı azdır. Onsuz da, futbolçular mövsüm ərzində az oynayırlar. Lakin təklif edərdim ki, daha bir kubok təşkil edilsin. Misal üçün, “Prezident kuboku”. Və həmin kubokun da qalibi Avrokuboklara vəsiqə əldə etsin. Onda hər iki kubokda oyunlar gərgin keçər.- Futboldan əlavə hansı idman növü sizin üçün maraqlıdır? - Yüngül atletikanın bütün növləri. Həm qaçışlar, həm hündürlüyə, uzağa tullanma və s. Həmçinin hokkeyi də çox xoşlayıram. Tennisi də əlavə edə bilərəm.

OXŞAR XƏBƏRLƏR