2 Fevral “Gənclər Günü” və 2012-ci ilin “İdman ili” elan olunması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “İRƏLİ” İctimai Birliyi, “Airmed” şirkəti və Azərbaycan Ciu-Citsu Federasiyasının təşkilatçılığı ilə “Birlik, inam və qələbə” devizi altında Ciu-Citsu üzrə I Bakı şəhər turniri keçirilmişdir. Hava şəraitinin sərt və gözlənilməz olduğuna baxmayaraq, tədbirdə 120 idmançı iştirak etmiş və birincilik uğrunda mübarizə aparmışdır.
AZXEBER.COM-a verilən məlumata görə, tədbir himnimizin səsləndirilməsi ilə başlamışdır. Rəsmi açılış mərasimində federasiyanın 1-ci vitse-prezidenti Əli Cəfərov və “İRƏLİ” İctimai Birliyinin idarə heyətinin üzvü Hikmət İsmayılov çıxış edərək cənab Prezidentin 2012-ci ili “İdman ili” elan edilməsinin gənclər tərəfindən sevinclə qarşılandığını, idmanın gənclərin həyatında mühüm yer tutduğunu, ölkəmizin bu sahədə inkişafı üçün önəmli tədbirlər görüldüyünü vurğuladılar və idmançılara uğurlar arzuladılar.
Tədbir zamanı millət vəkili, “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlı Ciu-Citsu üzrə I Bakı şəhər turnirinin keçirilməsində göstərdiyi dəstəyə görə “İdmançıların dostu” mükafatı ilə təltif edildi. Tədbir gənc müğənnilərin ifasından ibarət olan bədii hissə və yarışların final mərhələsi ilə davam etdi.
Sonda turnirin qaliblərı federasiyanın prezidenti Mirəli Seyidov, 1-ci vitse prezident Əli Cəfərov, vitse-prezident və “Airmed” şirkətinin rəhbəri Zaur Nadirov, “İRƏLİ” İctimai Birliyinin nümayəndəsi Nərmin Məmmədova və tədbirin qonağı Müjgan Onk tərəfindən diplom və medallarla mükafatlandırıldılar.