08:18 çərşənbə Axşamı, 13 Noyabr 2018
KRİMİNAL

“Borcum olduğu üçün istədim məni tutsunlar” - Banka basqın edən şəxs

17:03, 29.05.20186073
“Borcum olduğu üçün istədim məni tutsunlar” - Banka basqın edən şəxs
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində banka basqın edib müştərini girov götürməkdə təqsirləndirilən Nazim Məmmədovun məhkəməsi keçirilib. 

AZXEBER.COM-un verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun icraatında olan prosesdə baxış iclası baş tutub. 

Prokuror çıxış edərək ittiham aktını elan edib. İttihama görə, hadisə bu il yanvarın 18-də saat 13 radələrində "Turan Bank” ASC-nin Yasamal filialında baş verib. Filiala gələn Nazim Məmmədov qəfil hərəkətlə orada müştəri olan 1967-ci il təvəllüdlü Səriyyə Nəcəfovanın arxasına keçib və mətbəx bıçağı onun boğaz nahiyəsinə dirəyib. Həmin şəxs xəzinədar Kənan Miriyevdən pul verməsini, əks halda qadını öldürəcəyini deyib. Həmin zaman kassada ümumilikdə 198 min 345 manat olub. Bu zaman mühafizə siqnalizasiyası işə düşüb və hadisə yerinə polis əməkdaşları cəlb edilib. Polis əməkdaşları həmin şəxsi tərksilah edərək tutub. Həmçinin ondan soyuq silah hesab edilən bıçaq götürülüb.

N. Məmmədov özünü qismən təqsirli bildiyini deyib: "Banka gedəndə məqsədim basqın etmək deyildi. Xeyli borcum var idi, bu səbəbdən əsəblərim də pozulmuşdu. İstəyirdim məni tutsunlar, buna görə də cinayət törətmək istədim, amma dedim oğurluq edib kiməsə ziyan vurmayım. Ona görə belə etdim. Onsuz da mənə pul verməyəcəklərini bilirdim. Niyyətim bankı soymaq deyildi. Kassada o qədər pul olacağını da bilməzdim, dedim yəqin 3-5 min olar. Özüm də konkret məbləğ istəməmişəm. Qohumlarımdan borc almışdım, 12 min 800 manat borcum var idi. Mənə elə gəlirdi ki, kimsə mənə xəsarət yetirə bilər, ona görə özümlə çörək bıçağı götürmüşdüm. Mənim hərəkətlərimin əksəriyyəti məntiqli deyildi. Etdiklərimə görə üzr istəyirəm. Qadın kassaya yaxın olduğu üçün məhz onu tutdum, başqa heç kəsə hədə-qorxu gəlmədim. Fikirləşdim yəqin 1-2 il "yatıb" çıxaram, amma cəzamın 10-15 il olacağını bilsəydim etməzdim. Borclarımı hələ də ödəyə bilməmişəm".

Vəkili bildirib ki, N. Məmmədov boşanıb və himayəsində olan 3 uşağa aliment ödəyib. Həm də əsəb xəstəliyinə görə psixiatrop maddələr qəbul edib. 2009-cu ildə Psixiatriya Xəstəxanasında müalicə olunub. 

Daha sonra şahidlər dindirilib. Bankın filialında şöbə müdiri olan Fərhad İsmayılov ifadəsində deyib ki, hadisə zamanı bankda olub: "Qadının boğazına bıçaq dirəyib dayanmışdı, konkret kiminsə üstünə getmirdi, ümumi olaraq ona pul verilməsini tələb edirdi, söyüşlər söyürdü. 

Biz onunla danışıb, sakitləşdirdik. Qadını buraxdı,  sonra mühafizəçilər gəldi, Nazim bıçağı yerə qoydu, mühafizə xidmətinin əməkdaşı onu yerdən götürdü".

Təqsirləndirilən şəxsin qardaşı Nizami Məmmədov deyib ki, Nazimin 20 min manata yaxın borcu olduğunu bilib: "Məndən də pul almışdı, amma mən onu borc hesab etmirdim. Deyirdi bir neçə nəfərdən borc alıb, bezib onların əlindən, utanır. Hadisədən sonra da niyə belə etdiyini soruşdum, dedi gedib türmədə sakit oturmaq istəyirəm". 

Proses iyunun 5-də davam etdiriləcək. 

XƏBƏR LENTİ