Braziliyada Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilən sənədli filminin təqdimatı keçirilib - FOTO

MƏDƏNİYYƏT
01:59 08.10.2015
2122

Azərbaycanın Braziliyadakı səfirliyində Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin təqdimatı keçirilib.

Səfirlikdən AZXEBER.COM-a verilən məlumata əsasən, tədbirin əvvəlində çıxış edən Azərbaycanın Braziliyada səfiri Elnur Sultanov qeyd edib ki, “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli film faşizm üzərində qələbənin 70 illiyinə həsr olunub və filmin çəkilməsində məqsəd Azərbaycan xalqının faşizm üzərində qələbədə tarixi rolunu, Bakı neftinin strateji əhəmiyyətini bütün dünyaya göstərmək və eyni zamanda bu tarixi həqiqəti gələcək nəsillərə çatdırmaqdır. O, filmin təqdim edilməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkür edib.

Səfir Sultanov vurğulayıb ki, çəkilişləri 14 ay davam edən “Hədəf Bakıdır” sənədli filminin üzərində iş zamanı bir sıra ölkələrin arxivlərində çoxsaylı sənədlər araşdırılıb və filmdə İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni baxış bucağından – neft uğrunda savaş prizmasından baxılır.

Filmin aktual xarakter daşıdığını bildirən səfir dünyanın müxtəlif yerlərində zorakılığın, ekstremizmin, etnik təmizləmə, qaçqın böhranı və digər neqativ halların davam etdiyini qeyd edərək ölkəmizin 20 faiz torpaqlarının Ermənistan tərəfindən iyirmi ildən artıq işğal olduğunu qonaqların diqqətinə çatdırıb. O, filmin sülh, ədalət və təhlükəsizliyin bərqərar olunması və beynəlxalq hüquqa riayət edilməsi üçün güclü ismarıc göndərdiyini vurğulayıb.

Sənədli film qonaqlar tərəfindən böyük maraqla qarşılandı və filmin Braziliyada gələcəkdə nümayiş etdirilməsi məqsədilə təkliflər irəli sürüldü.

Tədbirdə Braziliya rəsmiləri, Braziliyada akkreditə olunan diplomatik missiyalarının rəhbərləri, akademik dairələrin nümayəndələri, yerli ictimaiyyət və Azərbaycan səfirliyinin əməkdaşları iştirak etdi.

OXŞAR XƏBƏRLƏR