Aprelin sonunda Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin yekun investisiya qərarının qəbul olunmasına hazırlıq işləri başa çatacaq.
AZXEBER.COM xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.O, layihədə Türkiyənin əlavə 10% əldə etmək niyyəti ilə bağlı gələn həftənin sonunda bu ölkənin enerji və təbii sərvətlər naziri Taner Yıldızla müzakirə aparılacağını bildirib.SOCAR prezidenti TANAP layihəsi çərçivəsində işlərin nəzərdə tutulan qrafik üzrə aparıldığını da əlavə edib.“Boru xəttinin keçəcəyi bütün ərazilərdə problemlər həll olunub, xəritələr çəkilib, geoloji işlər aparılıb. Artıq 900 kilometrə yaxın ərazi sənədləşdirilib və Türkiyənin BOTAŞ şirkətinə verilib. Bu şirkətlə çox yaxşı əməkdaşlıq var. İşlər plan üzrə həyata keçirilir.Çatdırsaq bu ilin sonuna layihənin təməlqoyma mərasimini keçirəcəyik”, - deyə, o qeyd edib.R.Abdullayev əsas işlərin isə 2015-ci ildə həyata keçiriləcəyini bildirib.O qeyd edib ki, bundan sonra TANAP layihəsinin pay bölgüsündə layihənin tərəfdaşları – SOCAR-ın payı 58%, BP-nin payı 12%, Türkiyənin (BOTAŞ-TPAO) payı isə 30% olacaq.Qeyd edək ki, Azərbaycan və Türkiyə arasında TANAP layihəsi üzrə saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb.Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq.İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz TAP boru kəməri vasitəsilə nəql olunacaq.