'Bu gün mən məhşuram və onlar mənə lazım deyil' - Sevda Yahyayeva
MAQAZİN
12:42 03.05.2013
2534
Müğənnilərin şəxsi həyatı jurnalistlər üçün daha maraqlı olsa da, onların əksəriyyəti bu haqda danışmaq istəmirMətbuat nümayəndələri ilə dostluq edən, bəzən isə onların iti qələminin müzakirə predmetinə çevrilənlər arasında şou-biznes nümayəndələri də az deyil. Müğənnilər daim mətbuatda yaradıcılıqları, yeni layihələrinin işıqlandırılmasına ehtiyac duyurlar. Mətbuat işçiləri isə oxucu və dinləyici ilə “ulduz”lar arasında rabitə yaradıb, onları təqdim edir, eyni zamanda sevdirir və ya tənqid obyektinə çevirir. Bəzən isə müğənnilər media nümayəndələrinin qeyri-peşəkarlığından şikayətlənirlər.Bu dəfə müğənnilərə üz tutub, mətbuat işçilərinin onlara ən çox hansı sualları verdiklərini və hansı sualları onlardan eşitmək istəmədiklərini soruşduq. Cavablar müxtəlif oldu. Ancaq əksər müğənnilər şəxsi həyatları ilə bağlı suallar verilməməsinin tərəfdarı olduqlarını bildirdilər.Əməkdar artist Almaz Ələsgərli mətbuat işçilərinin müğənnilərin ailə məsələlərinə qarışmasını yaxşı hal kimi qiymətləndirmədiyini bildirdi: “Mətbuat nümayəndələri elə bilirlər ki, çox danışan insanam, amma elə deyil. Mənə ən çox verilən sual “Nə zaman konsert verəcəksiniz” və bir də “Nə üçün klip çəkdirmirsiniz”dir. Bu sualları daha çox eşidirəm və hər zaman da onlara cavablarım eyni olur. Gələcəkdə inşallah olacaq”.Estrada müğənnisi Sevda Yəhyayeva mətbuat işçilərinin hər zaman ona dəstək olduqlarını, verdiyi informasiyanı dəqiqliklə yaydıqlarını bildirdi: “Sənətə başladığım gündən etibarən mətbuat işçiləri hər zaman mənim yanımda olub. Jurnalistlər düşünməsin ki, bu gün mən məşhuram və onlar mənə lazım deyil. Mətbuat hər bir müğənniyə lazımdır və onların əziyyətlərini heç zaman itirmirəm. Hər bir sualın öz yeri var. İndiyə kimi mənə verilən sualların içərisində bezdirici suallar olmayıb. Ancaq onu deyə bilərəm ki, mənə şəxsi həyatımla bağlı sual veriləndə, onu cavablandırmıram və heç vaxt da bu haqda danışmayacağam. Çünki şəxsi həyat mənim özümə aiddir. Mən ifaçıyamsa, tamaşaçılara ancaq yaradıcılığımla bağlı məlumat verə bilərəm. Şəxsi həyatla bağlı sual olmasa, çox sevinərəm”.Tanınmış müğənni Roza Zərgərli jurnalistlərlə münasibətinin yaxşı olduğunu və onlarla dost münasibəti saxladığını qeyd etdi: “Jurnalistlər mənə elə bir sual verməyiblər ki, o mənə darıxdırıcı gəlsin. Şəxsi həyatla bağlı sualları da cavablandırıram, amma düzünü deyim ki, istəmirəm o barədə mənə sual versinlər. Jurnalistlər sual verərkən çərçivədən çıxdıqlarını görməmişəm. Mənə verilən bütün sualları cavablandırıram. Ən çox isə “Nə üçün Zərgərli ləqəbini götürmüsünüz”, “Yeni layihələriniz varmı”, “İkinci dəfə həyata gəlsəydiniz, müğənni olardınızmı”, bir də “Qalmaqallı müğənni deyilsiniz, bunun qarşısını necə alırsınız” kimi suallar ünvanlayırlar. Bildirim ki, Zərgər atamın adıdır. O bütün ömrünü Vətənə həsr edib, hərbçidir və Qarabağ müharibəsi veteranıdır. Həmişə bu adı böyük fəxrlə daşımışam”.MüğənniElçin Cəfərovjurnalistlərlə münasibətinin yaxşı olduğunu və onların verdikləri sualları hər zaman cavablandırdığını bildirdi: “Jurnalistlər mənə yeniliklərlə bağlı suallar verirlər. Onların bütün suallarına cavab verməyə hazıram, ancaq sərhədi keçməmək şərti ilə. Şəxsi həyatımla bağlı verilən sualları cavablandırmaram. Onu da deyim ki, o barədə mənə suallar da verilmir. Elə müğənnilər var ki, onlara hər dəfə şəxsi həyatı ilə bağlı suallar verilir. Mən belə suallara normal baxmıram. “Yaradıcılığınızda hansı yeniliklər var”- sualı mənə daha çox verilir.Müğənni Əlikram Bayramov jurnalistlərin cəmiyyətin güzgüsü olduğunu, əslində onların şou-biznes nümayəndələrinin mənfi tərəflərini göstərməli və mətbuat işçilərinin timsalında müğənnilərin də yanlış cəhətlərini düzəltməli olduqlarını bildirdi: “Əvvəllər mənə “İkinci dəfə həyata gəlsəydiniz, yenə bu sənəti seçərdinizmi” kimi suallar verirdilər. İndi isə bu sual yerini “Toylara neçəyə gedirsiniz” sualı ilə əvəzlənib. Əvvəla, toya gedərkən müəyyən bir qiymət qoymuram. Kimin nəyə gücü çatırsa, onu da verir. İkincisi də ki, bir daha həyata gəlsəydim kolxozçu olardım”.Müğənni şou-biznes nümayəndələrinə şəxsi həyatla bağlı verilən sualları normal qarşılamadığını və o sualları xoşlamadığını qeyd etdi: “Sənət adamına yaradıcılığı ilə bağlı suallar verilməlidir. Ailə ilə gündəmə gəlmək düzgün prinsip deyil. Ailə ilə gündəmə gələn insan hörmətdən düşür. Bir jurnalist mənimlə müsahibə götürmək üçün görüşdü və mənə söylədi ki, nə haqqında danışmaq istəyirsinizsə, danışın. Çox təəccübləndim, ümumiyyətlə belə şeyləri anlamıram. Biz görmüşük ki, jurnalist müsahibə almaq üçün müğənniyə sual verər. Cəmiyyətimiz ancaq yaradıcılığın şou hissəsinə daha çox maraq göstərir. Kiminsə ailəsində problem olan kimi hər kəs onu işıqlandırır, ondan danışır. Yaxşı bir hadisə baş veribmiş kimi. Bir dəfə bir jurnalist mənə zəng etdi ki, sizin haqqınızda müsahibə yazmışam. Soruşdum ki, mən heç nə deməmişəm axı. Söylədi ki, sizi reklam etmişəm. Müğənniləri boş-boş tərifləmək də lazım deyil. Jurnalistlər cəmiyyətin güzgüsüdür. Onlar bizim mənfi tərəflərimizi göstərməlidir ki, biz də nəticə çıxaraq”.Son zamanlar qeyri-adi açıqlamaları ilə gündəmdə qalan Xuraman Şuşalı jurnalistlərin hər şeyi bilmək istədiklərini və öyrəndikləri yeni məlumatları oxuculara təqdim etdiklərini, bununla ifaçılar barədə tamaşaçıların məlumatlandıqlarını qeyd etdi: “Əvvəllər jurnalistlər getdiyim toyların qiymətini soruşurdular, mən də vergini çox verməmək üçün qiyməti gizlətməyə çalışırdım. Toy qiymətlərinə cavab vermək istəmirdim. Artıq gizlətmirəm. Çünki dini, içki olmayan tədbirlərə gedirəm və onlar da elə bahalı məclislər deyil. Xınayaxdılara daha çox gedirəm. “Yaradıcılığınızda nə kimi yeniliklər var” sualı ilə tez-tez qarşılaşıram”.Gənc müğənni Günay İbrahimli heç zaman qalmaqallı sualları cavablandırmadığını və replikalara cavab vermədiyini söylədi: “Jurnalistlərin mənə ən çox ünvanladığı “Yaradıcılığınızda ən son hansı yeniliklər baş verib” sualıdır. “Sevdiyin insan varmı” kimi suallar olmasa, sevinərəm”.Yaşar Cəlilov həmkarlarından fərqli olaraq, jurnalistlərin bütün suallarını cavablandırdığını və heç bir mövzuda problem görmədiyini söylədi: “İndiyə kimi jurnalistlərin heç bir sualını cavabsız qoymamışam. “Hə”-“yox”la da olsa jurnalistlərin verdiyi bütün sualları cavablandırmışam. Heç bir zaman “Belə sualları xoşlamıram” və ya “Bilmirəm” kimi cavablar verməmişəm. Jurnalistlər bütün mövzularda mənə sual verə bilərlər. Heç bir problem yoxdur. Məndən ən çox isə yaradıcılığımda nə kimi yeniliklər olduğunu soruşurlar”.Kərim Abbasov son illər media işçilərinin yalnız ailə ilə bağlı suallar verdiklərini və amma özünün yaradıcılığı ilə gündəmə gəlmək istədiyini dilə gətirdi: “Çox istərdim ki, jurnalistlər mənə sənətimlə, mahnılarımla, kliplərimlə bağlı suallar versinlər. Jurnalistləri mənim yaradıcılığım maraqlandırmır. Mən boşanmışam, evlənmişəm, övladım olub-olmayıb - bu kimi suallar heç kimi maraqlandırmamalıdır. Ona görə də istəmirəm ki, ailəmin adı efirlərdə, mediada hallansın. Ailə mənimdir. Düşünürəm ki, belə suallar artıq bitməlidir. Jurnalistlər həmişə mənə “Övladınız nə zaman olacaq”, “Eşitdiyimizə görə, yoldaşınız abort etdirib. Doğrudurmu” kimi suallar verir. Ailə ilə bağlı heç bir sual eşitmək istəmirəm. Ancaq sənətim, səfərlərimlə bağlı suallar versələr, şad olardım”.Vasif Məhərrəmlinin isə jurnalistlərə o qədər də xoş münasibət bəsləmədiyini bizimlə söhbətindəcə büruzə verdi. Müğənninin sözlərinə görə, media nümayəndələri bütün mövzularda suallar ünvanlayırlar: “Son dönəmlər mənə “Kiminlə evlənəcəksiniz” sualı daha çox verilir. Belə sualı cavablandırmaq istəmirəm. Ümumiyyətlə, jurnalistlərin suallarının çoxunu nə eşitmək və nə də cavablandırmaq istəyirəm. Heç cavablandırmıram da”.