09:43 Cümə, 19 Oktyabr 2018
KÖŞƏ

Bu nə dağdı çəkirsən?

14:24, 10.08.20186861
Bu nə dağdı çəkirsən?

Türkan TURAN

Ürəyim uzun müddət əvvəl elə bir vəhşətə məruz qalıb ki, indi tanınmayacaq haldadı! Qəfil ildırım kimi həyatıma düşmüşdü. Vulkan püskürtüsü, arxadan kürəyə sancılan bıçaq sancısı kimi bir göz qırpımında peyda olmuşdu. Dəvət edilmədiyi yerə gəlməyi bir yana, qapını taybatay edib, yuxarı başa keçmişdi. Əvvəl-əvvəl atdığı hər addım gözə maraqlı, qulağa xoş, dilə asan gəlirdi. Sonralar müəyyən etmək mümkün olmurdu, Tanrının qəzəbidi, yoxsa şeytanın əməli?!


Bəzən ürəyimin içində barmağının ucu ilə gəzəcək qədər həssas davranır, bəzən də qantarğaları gəmirib ağzı köpüklənən atlarını şahə qaldırıb, sağa-sola şığıyaraq tozu dumana qatır, daş üstündə daş qoymurdu qalsın.


Birdən qanadlandırıb bütün kainatı dövr edəcək qədər ruh verirdi. Fikirləşirdin ki, bu qədər xoşbəxtliyə dözə bilməyib ağlını itirəcəksən. Bəzən də, hər yeri qəfəsə, məhbəsə çevirib adamı əsir edirdi. Gecəni səhər, səhəri axşama çevirir, insanın çarxın döndərirdi. Ürəyi çilikləyib adamın ovucuna yığıb, heç nə olmamış kimi üzünü çevirib gedirdi. Heç vecinə də olmurdu geridə qalanın canının tora düşən quş kimi çırpınması.


Gah xəfif meh kimi əsib üzümü sığallayır, gah da elə fırtına yaradırdı ki, özüm özümdən qopub getməmək üçün iri bir ağacın gövdəsindən bərk-bərk yapışıb qalırdım. Əsdirdiyi külək gücdən düşəndə yorğun qollarımı yanıma salıb, uduzmuş ordunun başçısı kimi ölənlərin, itirdiklərimin, məğlubiyyətin gözünün içinə baxa bilməyib, başımı çiyinlərimin arasından aşağı salıb heçliyə doğru gedirdim. Məyusluq ölü torpağ kimi necə üzərimə səpilirdisə, ayaq üstə durmağa tutarım, üzümü günəşə çevirə biləcək taqətim qalmırdı.


Bütün təbii fəlakətlərlə onun gəlişindən sonra tanış olmuşam. Kəskin isti olub yandırır, sümükləri gizildədən soyuğu gətirib dondururdu. Həyatımın episentrinə çevrilmişdi. Bircə dəfə silkələməsi ilə dünya başıma uçulub tökülürdü. Zəlzələ necə torpağa dərin şırımlar atırdısa, o da mənim ruhumu elə zolaq-zolaq edirdi.


Əvvəl-əvvəl varlığı ayağımın yerlə əlaqəsini kəsmişdi. Pambıq kimi buludların üstündə yaşayırdım. Dayandığım yüksəklikdən nadir hallarda gözüm aşağılara enirdi. Yerimin möhkəmliyinə əmin olub, rahat hiss etdiyim məqamda qapqara, topa-topa buludları üstümə göndərirdi. Bir leysan yağdırırdı ki, qurduğum taxtla birlikdə yuyulub, torpaqdan da aşağılara süzülüb gedirdim. Bütün bunları gördükcə, həqiqətlə göz-gözə, diz-dizə yaşamağa başladım.


İçimdə həmişə bitib-tükənməyən təlaş gəzdirirdim. Həmin təlaş aramızda olan uçurumun xofunu canımdan əskik etmirdi. Həftələr aylara, aylar illərə calandıqca, ürəyimin küncünə sığındığı yeri genişləndirib, böyük əraziyə çevirir, kökünü möhkəmlədirdi. Əkib-becərirdi, amma dibindən qurdunu, üstündən həşəratını əskik etmirdi. Soyuqdan, quraqlıqdan qoruyub, böyüməyini sürətləndirmək üçün gübrələyirdi, amma birdən dozanı elə artıq edirdi ki, torpağıma qədər yanırdım.


Bəzən onu xəstəxana palatasına bənzədirdim. Şəfa tapmaq üçün dörd divarın arasına sığınırsan. Ağır havasına, divarlara hopmuş dərman qoxusuna canının dərdindən dözürsən. Nə sağalırsan, nə də ölürsən, qoxuya, məhdudiyyətə boyun əyib yaşayırsan. O da eynən belə idi. Min kələk, hər cür oyun, iliyinə kimi riya, gözünün içinə qədər yalan bütün vücudunu bürümüşdü. Bir balaca tərpədən kimi hamısı üzə çıxırdı. Qurtulmaq üçün nə qədər güc toplasan da, ürəyində təpər tapa bilmirsən. Bircə təbəssümünü hərdən-hərdən, lap uzaqda közərən işıq kimi ümid bilirsən, yenə səni yaxından aydınladacağını düşünürsən. Reallığı görəndə isə bütün varlığın uçunur, sanki ayaqların tutulur, bədənini yerdən qoparıb dizlərin üstündə daşıya bilmirsən.


Bir neçə gün əvvəl Aşıq Ələsgərin bu hissləri əks etdirən "Çəkirsən” şeirini oxudum. Az qalırdı heyrətdən gözüm hədəqəsindən çıxsın. Üsyanın miqyasına təəccübləndim. Oxuduğum misralar sübut edirdi ki, dərd kəndir kimi dünyaya dolanıb, hamı bu ipdən yapışıb bir-birinə sarı gəlir. Necə ki, Ələsgərin dərdi gəlib çıxıb. 


Rəhimsən, kərimsən, ədlü ədalət,
Könüldən xəbərdar, hər dilə bələd.
Seyiddən, molladan, dostdan xəcalət,
Bu nə dağdı, sən sinəmə çəkirsən?!


Deməli, sevgilinin çəkdiyi dağ, verdiyi əzab hər dövr üçün eyni rəng, eyni ölçü, eyni çəkidədir. Adamın çiyninə nəhəng dərd yükləyib, ulaya-ulaya dağa-daşa düşməyə vadar edirlər. Qarşıdakını özlərindən iyrəndirənə qədər hər fəndə əl atıb, hər hoqqadan çıxırlar. 


Arpadan incikdim, bitmədi gəndüm,
Darıyla dareqan heç deyil fəndim,
Candan bezdim, öz-özümdən iyrəndim,
Axırımı nə həngama çəkirsən?! 


Gah zirvəyə qaldırır, gah oradan endirir. Adamı elə hala salır ki, təəssüf və peşmançılıq duyğuları ilə qolboyun addımlamağa məcbur qalırsan. Kinayəli, istehzalı baxış gözünün dərinliyində kök salır. Bunlar çox sevməyin fəsadlarıdır. Ən sağlam, əzəmətli, məğrur insanın gücü aşiq olana qədərdir. Sevməklə diri-zarıncı qalmaq arasında incə xətt var, keçdinsə isti soyuğa, şirin acıya, işıq zülmətə, fəsillər bir-birinə, özün isə sümüklərinə qədər əzaba qarışırsan. Bir gün bütün günahlarını önünə düzürsən, çünki özünə də maraqlı gəlir, görəsən, nəyin cəzasını çəkirsən. Sonra dərk edirsən ki, sənin günahın da, cəzan da, imtahanın da odur.  


Ələsgər qəlbinə saldın işığı,
Məclislər zinəti, el yaraşığı,
Əzizliklə saxladığın aşığı
Zəlilliklə intiqama çəkirsən. 

Ələsgərin də dediyi kimi, deməli, insanı əzizləyə-əzizləyə zəlil günə qoymaq yenilik deyil. Bu, milyon il əvvəl də belə idi, min il sonra da belə olacaq. Dəyişməyən bir həqiqət var, sevdiyin qədər yanırsan, yandığın qədər aşiqsən! Sinənə çəkilən dağ qədər dözümlüsən!

XƏBƏR LENTİ