'Bunun üçün əlimizdən gələni edəcəyik'

İDMAN
17:21 03.04.2012
1792

AZXEBER.COM-un məlumatına görə, “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov azerisport.az saytına müsahibəsində Premyer Liqanın 26-cı turunun “Neftçi” ilə oyununu (0:0) və gələcək şanslarını dəyərləndirib. “Biz bilirdik ki, çətin oyun olacaq. Liderə qarşı oynamaq təbii ki, heç vaxt asan olmur. Məlum məsələdi ki, “Qarabağ” da medallar uğrunda mübarizə aparır. Ona görə də bu görüşdən üç xalla ayrılmaq bizim üçün çox vacib idi. “Neftçi” ilə xal fərqini azaltmağımız çox yaxşı olacaqdı. Amma alınmadı. Bu, futboldur, hər şey olur. Hər halda nə biz, nə də “Neftçi” pis oyun sərgiləmədi. Elə 1 xal qazanmağımız da yaxşıdır. Qarşıda bizi “İnter”lə daha bir çətin oyun gözləyir. Artıq həmin oyunu düşünürük”. Bahodir Nasimovun sayılmayan qoluna münasibətini açıqlayarkən, İsmayılov bunları dilə gətirib: “Düzünü deyim ki, mən ümumiyyətlə, həmin epizodu görə bilmədim. Amma uşaqların dediyinə görə, hücumçu Telini əliylə itələyərək qol vurub. Özüm isə epizoda çox uzaq olduğumdan bunu görə bilmədim. Hesab edirəm ki, hakim qolu hesaba almamaqla düzgün qərar qəbul etdi”. Əfran “İnter”in “Xəzər Lənkəran”a məğlubiyyətinə də toxunub: “Əlbəttə, bizim üçün ən yaxşısı odu ki, “İnter” bizə çata bilməsin. Kiminlə oynamasının elə də fərqi yoxdu. Amma hər şeydən öncə öz oyunumuzdu. Biz qələbə qazandıqdan sonra digər komandaların nə etməsi bizi qətiyyən maraqlandırmaz”. Lakin istənilən hala yarımmüdafiəçi qarşıdakı rəqiblərinin təhlükəli olduğunu bildirir: “İnter” adi komanda deyil. Əks halda, onlar turnir cədvəlinin üst pillələrində qərarlaşmazdılar. Biz onların məşqçilərini də tanıyırıq, oyunçularını da. Yaxşı, güclü kollektivə malikdilər. Özü də “bankirlər”ə qarşı səfərdə oynayacağıq. Ona görə də işimiz çox çətin olacaq. Həm də ilk altılığın bütün komandaları güclüdürlər”. İsmayılov sonda komandasının hədəflərindən də danışıb: “Əgər bütövlükdə götürsək, bizim əsas hədəfimiz avrokuboklara çıxmaqan ibarətdir. Amma əgər çempion olmaq şansımız varsa, niyə də bundan yararlanmayaq? Bizim də belə istəyimiz var. Şanslar heç də pis deyil. Əlimizdən gələni edəcəyik ki, bu istəyimizə çataq”.

OXŞAR XƏBƏRLƏR