"Bu gün də uda bilmədik. Amma yaxşı oyun göstərdik. Xüsusilə ilk qoldan sonra yaxşı təsir bağışladıq. İkinci hissədə çox sayda qol imkanlarımız oldu. Bundan da yaxşı nəticə qazana bilərdik. Amma asan epizodlardan fərqlənə bilmiriksə, udmaq çətin olur. Futbolçuların oyunundan razıyam. Aramızda yaxşı əlaqə var. Bundan da çox inkişaf edə bilərik".
AZXEBER.COM xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Qətər yığması ilə 2:2 hesablı heç-heçə etdikləri yoldaşlıq oyunundan sonra mətbuat konfransında deyib.
İtaliya mütəxəssisin sözlərinə görə, nəticə çox da önəmli deyildi: "Amma bizim üçün yaxşı sınaq oldu. Meydanda sonadək mübarizə apardıq. Təəssüf ki, səhv bizə baha başa gəldi. Buna baxmayaraq, təslim olmadıq və yaxşı reaksiya verdik. Qalib də gələ bilərdik. Futbolda bu cür qara oyunlar olur".
65 yaşlı baş məşqçi bildirib ki, mən hər şeyi sona çatdırmağa öyrəşmişəm: "Artıq ideyalarım var. Nə edəcəyimi bilirəm. Hər şeyə federasiya qərar verəcək. Mən olsam da, olmasam da, bu layihənin üzərində işləmək lazımdır. Bunu daha əvvəl İtaliya yığması da edib. Böyük komandalardan nə isə öyrənmək lazımdır. Görürəm, taleyimlə bağlı çox səbirsizlənirsiniz. Qoy, qərar versinlər, ölkəniz haqqında nə dediiymə "Google"da yazıb baxarsınız (gülür)".
De Byazi azarkeşləri müsbət nəticələrlə sevindirə bilmədikləri üçün təəssüfləndiyini söyləyib: "Gözləntilər böyük olanda təzyiq də güclü olur. Tərəfdarları başa düşürəm. Amma artıq yığmanın bazası qurulur. Cəlal Hüseynov bu gün debüt etdi. Bizə xeyir verə bilər. Bəhlul Mustafazadəni, Emin Mahmudovu, Qara Qarayevi qeyd edərdim. Emin möhtəşəm oynadı. Bilmirəm, onu daha əvvəl belə görmüşdünüzmü? Gənc komandamız var. Hamısından razı qaldım və onlara təşəkkürümü bildirdim".
Təcrübəli mütəxəssis Emin Mahmudov İtaliyan A Seriyasında rahat oynaya biləcəyini vurğulayıb: "Dünən maşında onunla bu barədə danışdıq. Ola bilər ki, yaşı çoxdur, amma hamıdan çox qaçır. Maksim Medvedevi də qeyd etmək istərdim. Meydanda olanda ürəyini qoyur".