Rejissor Əliheydər Şahbazov Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevdən şikayət məktubu yazıb.
AZXEBER.COM-a göndərilən həmin məktubu təqdim edirik:Ötür-ötür oyunu davam edir, yoxsa...
Bakının şıltaq təbiəti:xəzrisi,gilavarı şəhər sakinlərinə yaxşı tanışdır. Qış fəsli olmasına baxmayaraq, hava mülayim, küləksiz və günəşli idi. Kərbələyi Əliheydər ölkəməzdə və dünyada baş verən hadisələrdən xəbər tutmaq üçün köşkə yaxınlaşıb qəzet aldı. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin məmurlarla bağlı dedikləri diqqətini cəlb etdi: ‘’Dövlət məmurları vicdanla işləməlidirlər. Onların, necə deyərlər, vicdanı imkan verməməlidir ki, ayrı yolla getsinlər.’’ Gözəl kəlamdır. Amma, məmurların əksəriyyəti bu deyilənləri ya eşitmir, ya da qulaqardına vururlar. Bu məmurlar ki, var sital daşdır. Məmur bir kreslonu nə qədər zəbt edər?! On il,iyirmi il?! Oturubsa nə üçün xalqın səsinə hay vermir?! Ömrümün 48 ilini incəsənətə qurban verdim. 67 yaşa çatmağıma baxmayaraq, zəhmətimin bəhrəsini görə bilmirəm. Dünən meydana atılanlar ad-san sahibidir.Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, onun əsabələri:-Kinomatoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov , sektor müdiri Aydın Hüseynov oturduqları kreslodan bərk-bərk yapışıb;” - Burada mənəm, Bağdadda kor Xəlifə” deyib qılıncını sağa-sola çalırlar. Hətta iş o yerə çatıb ki, nazir Əbülfəs Qarayevin efirdə jurnalistlərin suallarını cavablandıraraq,qeyzlə səsləndirdiyi bəyanatını eşidəndə matım-qutum qurudu. Görünür demək istəyir ki, Prezident tənqid etsə də onun üçün təfavütü yoxdur, qiymətlər ucuzlaşan deyil!...”Heç kəs gözləməməlidir ki, cənab Prezidentin tamamilə düzgün ifadə etdiyi tənqiddən sonra nazirlik bir dəqiqənin içində əmr imzalayacaq və bütün qiymətlər yüz faiz düşəcək,sabahdan hamı bütün hotellərə pulsuz gedəcək. Belə şeylər yoxdur və olmayacaq.’’
Başa düşə bilmədim:”Prezidentin tamamilə düzgün ifadə etdiyi tənqiddən sonra” da nazir öz iddiasinda qalır?! Hələ bu harasıdır? Ə.Qarayev Ailə, Qadın və Uşaq problemləri Dövlət Komitə sədri Hicran Hüseynovanın imzası ilə ona ünvanlanan məktuba heç cavab da vermədi.
Cənab nazir, bu kifayət deyilsə, daha bir fakt: İllərlə yaxşı tanıdığım Azərbaycan Respublikasının əməkdar jurnalisti Əliyev Əliabbas Əlimədəd oğlunun ərizəsi Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri,millət vəkili Mehriban xanım Əliyeva tərəfindən, eləcə də Prezident Administrasiyasından tədbir görülmək üçün,sizə göndərilən sənədə məhəl qoymadığınızı necə qiymətləndirmək olar?!...
Elə mən öz başıma gələni deyim: dəfələrlə müraciət etməyimə baxmayaraq, sizin və köməkçilərinizin etinasızliğından sonra Azərbaycan Respublikasının Prezidentinə ünvanladığım ərizə (3 dəfə) tədbir görülmək üçün nazirliyə göndərilib. Kinematografiya şöbəsinin müdiri Cahangir Məmmədovun 16.03.2015 –ci il tarixi 246/03-Ş-314 nömrəli cavabı: “Bildiririk ki, müraciətinizə müvafiq qaydada baxılacaqdır.” Bir il sonra 13.01.2016-cı il 63/ 03-Ş-39 nömrəli ərizəyə Kinematoqrafiya şöbəsinin sektor müdiri Aydın Hüseynovun əsəbi cavabı:”Bir daha diqqətinizə çatdırırıq ki, müraciətinizə müvafiq qaydada baxılacaqdır.” Sual olunur! Cənablar; “-neçə ilə baxılacaq bir ilə, iki ilə?...Ümumiyyətlə baxılacaqmı? Ataların gözəl deyimi var- ‘’Ağası gülüm olanın,başına külüm olar.’’
Göründüyü kimi bürokratik ötür-ötür oyunu mütəmadi davam edir. Bu məmurlara və onların himayədarlarına “gözün üstə qaşın var” deyən olmadığı ücün ipə-sapa yatmırlar. Cənab nazir! Görünür möhkəm əminsiniz ki, xətrinizə dəyən olmayacaq. Prezidentin etdiyi ciddi xəbərdarlığı bir daha nəzərinizə çatdırıram: “Məmurlar yaddan çıxartmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın qayğıları ilə yaşamalıdırlar, yekəxanalığa yol verməməlidirlər.”
Redaksiyadan: Yazıda adıçəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq