03:05 şənbə, 22 Sentyabr 2018
HADİSƏ

"Dəmir Bank"ın həbsdə olan qadın filial müdirindən məhkəmədə şok ifadə - Milyonluq maxinasiyanın üstü açılır

19:28, 11.01.20181511

Külli miqdarda mənimsəmədə ittiham edilən şəxslər növbəti dəfə hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Dəmir Bank" ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, xəzinadarı Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda Əzizə Axundova zərərçəkmiş qismində ifadə verib. O, deyib ki, təqsirləndiriln Fərəh Rəşadətlinin bacısı onun gəlinidir.

2012-ci ildə banka əvvəlcə 400 min manat pul qoyduğunu və aylıq faiz aldığını deyən Əzizə Axundova son olaraq bankda ona məxsus pulun 1 milyon 115 min dollar olduğunu söyləyib: "Fərəh qohumumdur. Buna görə də pulu həmin banka qoydum. Oğlum Tural Axundovla getmişdik. Müqavilə bağladıq, pulu onlara təhvil verdim. 400 mindən sonra hissə-hissə 50, 100 min verdik. Əlimə pul düşdükcə banka qoyurdum. Aylıq faiz də alırdım. Sonra Fərəh dedi ki, bankda problem var. Faiz də ala bilmədim. Məcbur qalıb bankdan şikayət etdim. Mən Fərəhdən yox, bankdan şikayətçi olmuşam. Şirkət rəhbərliyi dedi ki, bizim pulları Fərəh ələ keçirib. Bu, inandırıcı deyildi. Necə ola bilər ki, bankın bundan xəbəri olmasın?"

Zərərçəkmiş pulunu bankdan tələb etdiyini deyib. Fərəh Rəşadətli isə deyib ki, zərərçəkmiş Əzizə Axundova 2012-ci ildə banka qoyduğu pullara görə 2014-cü ilə qədər faiz alıb. F.Rəşadətli zərərçəkmişdən əlbəəl pul almayıb, müqavilə isə zərərçəkmişin oğlu Tural Axundovla imzalanıb.

Məhkəmədə zərərçəkmiş qismində Tural Axundov da ifadə verib. O, söyləyib ki, Fərəh Rəşadətli ilə tələbə vaxtından tanış olublar. Daha sonra Fərəhin həyat yoldaşını da tanıyıb və yaxın münasibətləri olub: "Fərəh bankın filial müdiri olanda mənə zəng elədi. Dedi ki, yeni müştəri yığmaq, etimad qazanmaq lazımdır. Məndən xahiş elədi ki, ona müştəri tapım. Elə ilk müştəri mən oldum. Daha sonra da ailə üzvlərimin adına pul qoyduq. Fərəh həmin bankda olduğu üçün inamım var idi. Bir müddət faiz alandan sonra qalan faizlər almadıq. Həmin faizlər bankda olan əmanətin üzərinə hesablanır, yeni müqavilə imzalanırdı".

İttihama əsasən F.Rəşadətli "Dəmir Bank" ASC-nin Bayıl filialının sabiq müdiri vəzifəsində çalışarkən qulluq mövqeyindən istifadə etməklə Əzizə Axundovaya məxsus 1 milyon 225 min manatı ələ keçirib. Ə.Axundova həmin məbləği banka depozit kimi qoymaq istəyirmiş. İttihama görə, F.Rəşadətli həmin məbləği sənədləri saxtalaşdırma yolu ilə ələ keçirib. İttihama görə, F.Rəşadətli eyni üsulla Bəhruz Axundovu da aldadıb. Belə ki, onun 800 min manatını ələ keçirib. İttiham aktında yazılır ki, F.Rəşadətli eyni dələduzluq əməlləri ilə Əliyeva Pərvanənin 400 min, Gülnur Axundovanın 300 min, Sevda Xəlilovanın 300 min, Firəngiz Məmmədlinin 150 min dollarını, Ruslan Qasımovun 100 min dollarını ələ keçirib.

F.Rəşadətli ittiham üzrə özünü qismən təqsirli bildiyini söyləyib. Digər təqsirləndirilənlər - Fariz Qarayev və T.Xanlarova da özlərini qismən təqsirli bildiklərini söyləyiblər.

Qeyd edək ki, F.Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə), 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), F.Qarayev və T.Xanlarova isə 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər.

Təqsirləndirilən şəxslərdən F.Rəşadətli məhkəmənin hazırlıq iclasında həbs edilib. Digər şəxslər barəsində isə polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Cinayət işində 8 nəfər zərərçəkmiş var. İttihama görə, həmin şəxslərin 3 milyon manata yaxın pulu ələ keçirilib.

musavat.com
XƏBƏR LENTİ