Bakı ilə Sumqayıt arasında Xırdalan, Ceyranbatanı əhatə etməklə alternativ nəqliyyat sistemi yaradılmalıdır.
AZXEBER.COM xəbər verir ki, bunu Milli Məclisdə keçirilən büdcə müzakirələrində çıxışı zamanı Sumqayıtı təmsil edən deputatLeyla Abdullayevatəklif edib.
“Sumqayıt bu gün inkişaf edən, quruculuq işlərinin geniş vüsət aldığı müasir bir şəhərdir. Şəhərdə böyük işlər görülür. Cənab prezident son illərdə dəfələrlə şəhərimizdə olub və “Bakı standartlarına uyğun şəhər”prinsipini irəli sürüb ki, bu gün də bu vəzifə uğurla reallaşmaqdadır.
Bununla yanaşı, qaldıracağım məsələ Sumqayıt-Bakı yolunda yaşanan böyük tıxaclarla əlaqədardır.
Mütəmadi olaraq bu yolda tıxaclar yarandığı hamımıza məlumdur. Əhalinin alıcılıq qabiliyyəti artır, hamı indi avtomobilə malikdir. Eyni zamanda həm Bakı, həm də Sumqayıt böyüyür, gəlib-gedən insanların sayı mütəmadi olaraq artmaqdadır. Bu tıxac problemi aktuallığını, belə görünür ki, saxlayacaq.Həm də artıq bir müddətdir ki, Bakı ilə Sumqayıt arasında şəhər statusu almış başqa bir şəhər-Xırdalan şəhəri var. Bütün bunları nəzərə alaraq gələcəkdə Xırdalan şəhəri, günü-gündən böyüyən Ceyranbatan qəsəbəsi, Sumqayıt, Hacı Zeynalabdin Tağıyev qəsəbələrini əhatə edən bir alternativ nəqliyyat sistemininin yaradılmasını təklif edərdik.
Bu ancaq metro stansiyaları deyil, müasir, yüksək standartlara cavab verən elektik qatarları və ya yerüstü sürət qatarları da ola bilər. Dövlətimizin maliyyə imkanları buna imkan verir”.