FIFA U-17 qadınlararası dünya çempionatının rəsmi maskotu 'Top-top xanım' Sumqayıt gəncləri ilə görüşdü.
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin nümayəndələri «Sumqayıt» Peşəkar Futbol Klubunun təşəbbüsü və «Sağlam Düşüncə» Gənclər Təşkilatının dəstəyi ilə Sumqayıt gəncləri ilə görüş keçirib.
AZXEBER.COM-un AFFA-ya istinadən verdiyi xəbərə görə, «Azərikimya» İstehsalat Birliyinin akt zalında baş tutan, çempionatın ümumi tanıtımının və könüllülük proqramının təqdim edildiyi tədbirdə gənclərə böyük futbol turnirinə hazırlıq çərçivəsində görülən işlər haqda məlumat verilib, bu tip beynəlxalq tədbirin ölkəmiz üçün əhəmiyyəti ətrafında müzakirələr aparılıb. İştirakçılar həmçinin FIFA-nın dünya çempionatları, qadın futbolu, Azərbaycanda keçiriləcək çempionatın gedişatı, oyunların təşkil olunacağı stadionlar, rəsmi markalar, eləcə də 17 yaşadək qızlardan ibarət yığmamız barədə məlumatlandırılıblar.
«Sumqayıt» Peşəkar Futbol Klubunun prezidenti Kamran Quliyev, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov, Şimal Regional Futbol Federasiyasının prezidenti Yaşar Şamilov ilə yanaşı Sumqayıt Şəhər Təhsil Şöbəsinin, «Sağlam Düşüncə» Gənclər Təşkilatının, YAP Sumqayıt Şəhər Təşkilatının və «Azərikimya» İB-nin nümayəndələrinin də iştirak etdiyi tədbirdə qonaqlara dünya çempionatında gənclər üçün yaradılmış ən geniş imkanlardan biri olan Könüllülük Proqramı, könüllü olmağın xeyirləri, perspektivləri və proqramda iştirak şərtləri ilə bağlı da ətraflı şəkildə məlumat verilib. Təqdimat zamanı YTK əməkdaşları tərəfindən ünvanlandırılan sualları cavablandıran tələbələr dünya çempionatının rəsmi markalarını özündə əks etdirən müxtəlif növ hədiyyələr qazanıb.