"Dövlət xidmətləri vahid mərkəzdə birləşməlidir"

"Dövlət xidmətləri vahid mərkəzdə birləşməlidir"
SİYASƏT
11:31 16.02.2026
290
Son illər Azərbaycanda rəqəmsallaşma istiqamətində mühüm addımlar atılıb. Müxtəlif dövlət qurumları tərəfindən onlarla platforma və tətbiq hazırlanıb, vətəndaşlara elektron xidmətlərin təqdim olunması genişlənib. Lakin paralel şəkildə formalaşan bu sistemlər artıq koordinasiya və vahid yanaşma tələb edir.

Fevralın 11-də Ilham Aliyevin sədrliyi ilə keçirilən və "Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunan müşavirədə məhz bu məsələ ön plana çıxarıldı. Dövlət başçısı dövlət xidmətlərinin "mygov” platforması üzərindən – vahid mərkəzdən həyata keçirilməsinin vacibliyini vurğuladı. Bu yanaşma təsadüfi deyil və zamanın tələbidir.

Bu gün vətəndaş üçün əsas meyar rahatlıq, əlçatanlıq və operativlikdir. Fərqli qurumların fərqli platformaları isə bəzən çaşqınlıq yaradır, əlavə vaxt itkisinə səbəb olur. Vahid platforma həm sistemli idarəetməni təmin edər, həm də xidmətlərin keyfiyyətini yüksəldər. "Bir pəncərə” prinsipi rəqəmsal müstəvidə tam tətbiq olunmalıdır.

Eyni zamanda, indiyədək yaradılmış platformaların təcrübəsi və bu sahədə formalaşmış kadr potensialı da qorunmalı və yeni sistemə inteqrasiya edilməlidir. Məqsəd görülən işləri inkar etmək deyil, onları daha effektiv modeldə birləşdirməkdir.

Artıq mərhələli şəkildə ayrı-ayrı sistemlərdən vahid rəqəmsal mərkəzə keçid qaçılmazdır. Dövlət xidmətlərinin "mygov” üzərindən təqdim olunması həm idarəetmədə şəffaflığı artıracaq, həm də vətəndaş məmnuniyyətini yeni mərhələyə daşıyacaq.
 
Aydın İsmayılov
Göygöl RİHB-sı Aparatının sektor müdiri

OXŞAR XƏBƏRLƏR