23:49 şənbə, 20 Iyul 2019
SİYASƏT

Əli Əhmədov BMT-nin Dövlət Xidmətləri Forumunun iştirakçıları ilə görüşüb - FOTO

18:38, 25.06.20194043
Əli Əhmədov BMT-nin Dövlət Xidmətləri Forumunun iştirakçıları ilə görüşüb - FOTO

Azərbaycan Hökuməti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə sıx əlaqələrə malikdir. Kənd təsərrüfatının inkişafı Azərbaycan dövlətinin diqqət mərkəzindədir.

Bu sözləri Baş nazirin müavini Əli Əhmədov iyunun 25-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə regional direktorunun müavini Nabil Qanqi ilə görüşdə deyib. Baş nazirin müavini qeyd edib ki, Azərbaycan öz ərzaq təhlükəsizliyini təmin edə bilib. Bu sahədə heç bir çatışmazlıq yoxdur. Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracı ilə də bağlı işlər görür. Bundan başqa, Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Bu təşkilat əhalinin təhlükəsiz qida ilə təmin olunması ilə yanaşı, məhsulların ixracı istiqamətində də işlər görür. Nabil Qanqi Azərbaycanın qısa müddətdə kənd təsərrüfatı sahəsində xeyli uğurlar əldə etdiyini söyləyib. O vurğulayıb ki, Azərbaycan bu sahə ilə bağlı, eyni zamanda, beynəlxalq gündəlikdə olan məsələlərin həllində də yaxından iştirak edir.

Baş nazirin müavini BMT-nin Dövlət Xidmətləri Forumunun iştirakçısı olan daha bir BMT təmsilçisi, BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Alia El-Yassirlə görüşüb. Görüşdə Əli Əhmədov bildirib ki, Azərbaycanda qadınlara tarixən xüsusi hörmət, ehtiram olub və bu, indi də davam edir. Azərbaycan dövləti qadın hüquqlarının qorunması sahəsində fəaliyyətini davam etdirir və bu işdə böyük nailiyyətlər qazanılıb. Baş nazirin müavini qeyd edib ki, bu gün Azərbaycan qadınları ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilirlər.Alia El Yassir Bakıda BMT-nin Dövlət Xidmətləri Forumunun yüksək səviyyədə təşkili üçün Azərbaycan Hökumətinə minnətdarlığını bildirib. Ölkəmizə ilk dəfə səfər etdiyini bildirən qonaq BMT ilə Azərbaycan Hökuməti arasında əlaqələrin inkişaf etməsinin nəticəsi olaraq bu kimi səfərlərin mütəmadi hal alacağına əmin olduğunu deyib.




XƏBƏR LENTİ