Elnur Baimov: 'Mən heç vaxt BDU-nun jurnalistika fakültəsinin məzununu işə götürmərəm' - FOTOLAR

Elnur Baimov:
MEDİA
16:10 17.01.2013
9532

Elnur Baimov, bir sıra veb-layihələrin rəhbəri, 38 yaş.

Uşaqlıq məndə ehtiyac içində yaşamaq assosiasiyası yaradır. Mən çox kasıb ailədə böyümüşəm. Ailəmiz kirayədə yaşayırdı. Mənim oyuncaqlarım olmayıb, yamaqlı paltar geymişəm.

Adam arasına çıxmağın yeganə yolu təhsil almaq və öz üzərində işləmək idi. Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini qırmızı diplomla bitirib, iki xarici dil öyrənib Xarici İşlər Nazirliyinə (XİN) işə düzəlmək üçün gələndə, mənə dedilər ki, «Gedin zirzəmidə, arxivlərdə işləyin». Bu məni hiddətləndirdi və mən XİN-də qalmadım. Beləliklə, karyeram başqa istiqamətdə inkişaf etdi və mən bundan çox məmnunam.

Dostlarım sahildə gəzərkən, mən bir neçə il dənizdə işlədim. Texniki tərcüməçi idim. Bizim gəmimiz yeni yataqların tədqiqi ilə məşğul idi. Bu, çox böyük məsuliyyət idi. Əgər səhv etsən, əgər quyunu lazımi yerdə qazmasalar və neft tapılmasa, neft şirkəti sənə on milyonlarla cərimə kəsə bilər.

Mən öz xasiyyətimi möhkəmləndirdim. Çünki gəmidə sən qapalı bir mühitdə olursan və buna görə də digər insanlarla münasibət qurmağı bacarmalısan. Başqa yolun yoxdur, 45 gün ərzində başqa heç yerə gedə bilmirsən.

«British Council»-ın «Scholarship» təqaüdümənim həyatımda dönüş nöqtəsi oldu. Mən iki illik İngiltərəyə biznes-təhsili almağa yola düşdüm.

«Day.az» demək olar ki, bütün qəzet sənayesini öldürdü. Heç kim inanmırdı ki, bizim saytımız uğurlu olacaq, lakin sabah pul ilə əldə etməkdənsə, xəbərləri bu gün və pulsuz almaq oxucuların xoşuna gəldi.

Bizim ölkəmizdə insanlar çox tənbəldirlər. Mən belə deyəndə çox adamın xoşuna gəlmir. Əgər sən tənbəllik edirsənsə, təbii ki, sənin işlərin irəli getməyəcək. Təkcə arzu ilə iş bitmir.

Sizin qarşınızda öz pullarını İnternetlə qazanmış insan dayanıb. «Aznet»in aparıcı layihələrinin əksəriyyətini mən yaratmışam və onlar mənə məxsusdur. Mənim çoxlu pul itirdiyim, əsəblərimi korladığım uğursuz layihələrim də olub. Lakin onlar mənim üçün dərs olub. Cəhd etmək, başla divarı yarmağa çalışmaq lazımdır. Bəzən bu çox ağrılı olur, bəzən isə yaxşı gəlir gətirir.

Mənim sevimli layihəm «turbo.az» saytıdır. Bu, Azərbaycanda ən iri və uğurlu layihələrdən biridir. Mən «day.az»da işləyərkən insanlar orada avtomobillərin alışı və satışı barədə çoxlu elanlar yerləşdirirdilər. 2006-cı ildə bu özünəməxsus bir sosial şəbəkə idi. Biz düşündük ki, nə üçün xüsusi bir sayt yaratmayaq?!

Mən həmişə özümü baş redaktor deyil, biznesmen adlandırıram. Öz layihələrimi mən pul qazanmaq üçün yaratmışam ki. Mənim layihələrimdə heç vaxt, qəzetlərdəki kimi artıq adam olmayıb, onlarla adam işləməyib.

İnsanlar hər şeyi satırlar, hətta işlənmiş dəsmalı da. Əgər əvvəllər sizə nəsə lazım deyildisə, siz onu tullayırdınız. İndi isə «tap.az» saytında siz satmaq istədiyiniz istənilən şey haqqında məlumat və şəkil yerləşdirə bilərsiniz.

Siz keyfiyyətli layihə işləyib hazırlayanda özünüzə inam və ad qazanırsınız. Əgər sən gəlib dəyəri altı sıfırlı ədədlə ölçülən bir layihə təklif edirsənsə, insanlar sənə etibar etməlidirlər.

Kontenti pula çevirmək imkanları çoxdur, bura həm kontekst reklamın satışı, həm də piar-materialların yerləşdirilməsi aiddir. Aparıcı KİV-lər bundan istifadə edirlər.

Məzmunlu layihələr daha perspektivli olur. Əgər sizin saytınızın məzmunu unikaldırsa, o inkişaf edəcək.

«Azerbaycan Respublikası» səhifəsi«Facebook»-da ən böyük səhifədir, onun 270 min abunəçisi var. Orada yerləşdirilən istənilən informasiyanı 100 min insan görəcək. Bu cür göstəricini heç bir reklam və ya xəbər saytı verə bilməz.

Azərbaycanda rus dili ölməkdədir. Mən bütün layihələrimi Azərbaycan dilinə keçirmişəm, çünki gələcək onundur. Azərbaycan dilli saytlar daha çox ziyarət olunur və cəmiyyətdə daha böyük rezonans doğurur.

Mən heç vaxt BDU-nun jurnalistika fakültəsinin məzununu işə götürmərəm. Bir dəfə biz bu fakültədə olduq və mən jurnalist olmaq istəyənlərdən əllərini qaldırmağı xahiş etdim. İyirmi nəfərdən yalnız bir qız əlini qaldırdı, qalanlar isə bildirdilər ki, başqa fakültələr üçün kifayət qədər bal toplaya bilmədikləri üçün bura təsadüfən düşüblər.

İş bizim ikinci evimizdir, ömrümüzün çox hissəsini biz burada keçiririk. Elə bir mühit yaratmaq lazımdır ki, insanlar işə həvəslə gəlsinlər.

Mənim bütün həyatım İnternetlə bağlıdır, həyat yoldaşımla da orada tanış olmuşuq. Mən xoşbəxt, evcanlı adamam, iki uşaq atasıyam. Ailə başlıca məsələdir, əgər sənin ailən yoxdursa, qalan hər şey əhəmiyyəti azalır.

Azərbaycanda bir sıra uğurlu adamlar müsahibə vermək istəmirlər, çünki onlar öz varidatını ya valideynlərinin hesabına və yaxud da oğurluq yolu ilə qazanıblar.

Bir dəfə bir əcnəbi jurnalist mənə sual verdi: «Siz Qız Qalası ilə fəxr edirsiniz?» Mn cavab verdim: «Xeyr, mən yalnız o şeylərlə fəxr edirəm ki, onu mən yaradım, o mənim zəhmətimin, ağlımın nəticəsi olsun».

Bir çoxları başqa insanların uğuruna son dərəcə dözümsüzdürlər. Onlar üçün özlərinin sizin səviyyənizə qalxması deyil, sizi öz səviyyələrinə endirmək, sizxi ləkələmək daha asandır.

Əvvəllər insanların barəmdə nə düşündüyü mənim üçün vacib idi, indi isə məndə immunitet formalaşıb və bu mənim vecimə də deyil. Amma insanların əksəriyyəti mənim barəmdə müsbət fikirdədirlər.

Mən xəyalən elə bir hasar tikmişəm ki, mənim ailəm, bacım, bir neçə dostum və tanışım onun içərisindədir. Qalan insanlar bu hasarın o biri tərəfindədirlər və onların başına nə gəlməsi mənim üçün maraqlı deyil.

Yaxın adamını itirəndə öz dəyərlər sistemin yenidən nəzərdən keçirirsənvə başa düşürsən ki, elə bu saat həyatdan maksimum zövq almaq lazımdır və bunu sonraya saxlamaq olmaz. Çünki, nə qədər yaşayacağını bilmirsən.mənbə: biznesinfo.az

OXŞAR XƏBƏRLƏR