“Aynar Məmmədov dörd yaşında “Cücələrim” ansamblının üzvü olub, digər oğlum Avropa çempionudur”
“Bu xəbəri yayanlar şərçiliklə, böhtanla məşğuldurlar və əsas məqsədləri Ziya və Elton Məmmədovlara, onların övladlarına ləkə yaxmaqdan ibarətdir”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Elton Məmmədov oğlu Aynar Məmmədovun bahalı avtomobillər sürməsi ilə bağlı mətbuatda yayılan informasiyalara aydınlıq gətirərkən belə deyib.
Onun sözlərinə görə, Aynar Məmmədov istedadlı gəncdir və təvazökar həyat tərzi keçirib: “Birincisi bu maşınlar Aynar Məmmədovun şəxsən özünün deyil. O, müxtəlif zamanlarda şəkil kolleksiyası yığaraq, ayrı-ayrı avtomobillərin yanında şəkil çəkdirib. Bu tamamilə normal və onun gənc kimi hobbisidir. Burada qeyri-adi bir şey yoxdur. İstər Ziya Məmmədovun, istərsə də mənim övladlarım istedadlı, ölkəsinin və dövlətin gələcəyi üçün çalışan gənclərdir. Onlar heç zaman təvazökarlıqdan uzaq addımlar atmayıblar. Aynar dörd yaşında “Cücələrim” ansamblının üzvü olub, dəfələrlə meadal qazanaraq, beynəlxalq miqyasda ölkəmizə uğur qazandırıb. Digər oğlum Elnar isə Avropa çempionudur. Azərbaycan idmanının inkişafı üçün dayanamdan çalışan bir gəncdir. İndi dövlətini, millətini satmağa hazır şəxslər ölkəmizin layiqli gənclərinə ləkə yaxmağa çalışırsa, bu ancaq onlara utanc gətirir”.