06:55 Cümə Axşamı, 17 Oktyabr 2019
TOP4

Ərini ürəyindən vuran Vüsalənin ifadəsi: "13 ildir evli idik, uşağımız olmurdu..."

15:16, 09.03.20196531
Ərini ürəyindən vuran Vüsalənin ifadəsi:

Xaçmazda həyat yoldaşını öldürən Vüsalənin məhkəməsi keçirilib.

AZXEBER.COM musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vüsalə Mirzəyevanın cinayət işi üzrə üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Vüsalə Mirzəyeva ilə qeyri-rəsmi ər-arvad münasitində yaşadığı Maarif Osmanov arasında qısqanclıq zəminində dəfələrlə mübahisə olub. Sonuncu dəfə Maarif Osmanov ondan mobil telefonunu alıb. Buna görə də aralarında yenidən mübahisə başlayıb. İttihama görə, Vüsalə mətbəx bıçağını götürərək onun arxasınca qaçıb və həyətdə onun ürək nahiyəsindən bir zərbə vurub. Osmanov aldığı xəsarətdən hadisə yerində keçinib.

Vüsalə Mirzəyeva elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. Deyib ki, Maarif Osmanovu öldürmək niyyəti olmayıb. Vüsalə daha sonra sərbəst ifadə verib:

"Qayınanam evə gəldi. Yenə söz-söhbət başladı. Biz 13 il idi ki, evli idik. Uşağımız olmurdu, mən müalicə də alırdım. Həmin gün mən qayınanamla mübahisə elədim. Əsəbiləşib mətbəxdən bıçaq götürdüm. Çünki artıq bezmişdim. Özümə qəsd etmək istəyirdim. Sonra Maarif araya keçdi. Bıçaq əlimdə olanda itələşməyə başladıq. Bu zaman bıçaq ona dəydi. İttihamda düz yazılmayıb, mən onun arxasınca qaçmamışam, bilərəkdən vurmamışam".

Suallara cavab verən Vüsalə Mirzəyeva daha əvvəl də həyat yoldaşı ilə mübahisə etdiyini deyib. O, aralarında olan mübahisə zamanı ilk dəfə bıçağa əl atdığını bildirib.

Vüsalə Mirzəyeva hadisədən əvvəl bir neçə dəfə evdən çıxıb və rəfiqəsigilin evinə getməsinə də aydınlıq gətirib: "Söz-söhbət olanda çıxıb getmişəm. Sonra da evə qayıtmışam. Gedəndə də demişəm".

O, bir neçə dəfə Bakıya gəldiyini, həm kirayədə, həm də əmisi oğlunun evində qaldığını deyib.

Məhkəmə Vüsalədən telefonunun hansı səbəbdən əlindən alınması ilə bağlı məsələyə də aydınlıq gətirməsini istəyib. Telefonunda hər hansı bir şəxslə danışığının olub-olmaması soruşulub.

Vüsalə telefonunda heç bir məlumatın olmadığını və mübahisənin məhz telefona görə olmadığını deyib.

Prokuror isə xatırladıb ki, Vüsalə hadisəni törətdikdən sonra öz telefonunu və mərhumun telefonunu da götürərək bacısına verib.

"Əgər telefonda gizlətmək istədiyin məlumat yox idisə, niyə həmin an telefonu bacına verdin"- deyə məhkəmə Vüsaləyə sual verib.

Vüsalə həmin an həyacanlı olduğunu, bu hərəkəti planlı şəkildə etmədiyini deyib.

Suallara cavab zamanı məlum olub ki, Vüsalə mərhum Maarif Osmanovla 17 yaşı olanda kəbin kəsdirib, sonra da rəsmi nikah bağlamayıblar.

Hakim Vüsaləyə sual verib ki, ailəsində söz-söhvət olan zaman niyə anasının, atasının yanına yox, rəfiqəsinin evinə gedib?

Məsələnin cavabı belə olub: "Anam dedi ki, ərinin yanında qal. Məni qəbul etmirdilər".

Məhkəmədə mərhumun qardaşı, hüquqi varis Zakir Osmanov da ifadə verib. O, hadisənin yeganə şahididir.

Z.Osmanov qardaşı ilə arvadı arasında mübahisələrin tez-tez baş verdiyini deyib. Bildirib ki, sonuncu mübahisəni də evdə olarkən eşidib: "Qapı qonşuyuq. Gördüm ki, həyətdən qışqırıq səsi gəlir. Hasara çıxıb qardaşımın həyətinə baxdım. Vüsalə ilə qardaşım üzbəüz dayanıb mübahisə edirdi. Vüsalənin əlində bıçaq var idi. Qardaşım mənə dedi ki, Vüsalənin başı açıqdır, düş aşağı. Mən də onun sözünü yerə salmadım. Sonra gördüm ki, mübahisə daha da qızışır. Bir də hasara qalxıb həyətə düşmək istədim. Mən hasara qalxanda Vüsalə qardaşımı vurdu".

Qeyd edək ki, qətl hadisəsi ötən ilin iyul ayında Xaçmaz rayonunun Xudat şəhərində baş verib.

Vüsalə Mirzəyeva həyat yoldaşı Osmanov Maarif Tofiq oğlu və onun anası Osmanova Narxanım İsmayıl qızı ilə ailə münaqişəsi zəminində mübahisə edib. Mübahisə zamanı Vüsalə mətbəx bıçağı ilə M.Osmanova döş qəfəsindən zərbələr endirib. Hadisə nəticəsində M. Osmanov hadisə yerində ölüb.

V.Mirzəyeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

XƏBƏR LENTİ