18:17 Bazar Günü, 24 Iyun 2018
KÖŞƏ

"Ermənistanda hazırda baş verən olaylar düşmən sevindirən qəbildəndir"

15:46, 23.04.20187510

Rauf Arifoğlu,
Yeni Müsavat qəzetinin baş redaktoru


Erməni arzusu, azərbaycanlı sevinci...

Düşmən ölkədə - 30 mindən çox vətəndaşımızı öldürən, torpaqlarımızı işğal edən, əhalimizi qaçqın duruma salan Ermənistanda ara qarışıb. Cinayətkar, Xocalı canisi Serj Sərkisyan iqtidarı çökür. Buna sevinirəm. Daha betər olsun. Çünki bu vəziyyət və onun daha betəri Azərbaycan üçün böyük perspektivlər açır. İstər hərbi, istər diplomatik sahədə, ciddi üstünlüklərə sahiblənə bilərik. Demirəm, dərhal hücuma keçib, hərbi əməliyyatlara başlayaq, torpaqlarımızı azad etmək cəhdləri göstərək; bunu indi etsək, Sərkisyana işləmiş olarıq, onu gücləndirərik; lakin İrəvan daha da qarışsa və indiki iqtidar düşsə, belə bir imkan yaranır. Üstəlik, fərqli, çoxdan gözlənilən və dünyanın standartlarına cavab verə biləcək bir perspektiv də var: vətəndaş müharibəsinə, ciddi daxili qarşıdurmalara yuvarlansa, Dağlıq Qarabağdakı erməni əhalisinin Azərbaycana sığınması istiqamətində yarımçıq qalan yarım gizli bir layihəni davam etdirmək mümkün olur.

Ancaq belə bir tarixi məqamda nələri görürük? Bəzi ağıl yoxsulu, vətənpərvərlik hissi ölgün soydaşlarımız, siyasət və media sektoruna aid tanınmış isimlər sosial şəbəkələrdə Azərbaycan xalqını az qala suçlayır, ona çağırış edir ki, bizim xalq niyə qalxmır? Heyrətlənməyə bilmirsən. Bu nə ağıl, bu nə əxlaq? Düşmən ölkə, hər hansı bir səbəbdən, daxili qarşıdurmalardan sarsılmış durumdaykən, ermənilər bir-birini öldürməyə hazırkən içimizdəki biriləri arzu edir ki, eyni sarsıntıları, qarşıdurmaları Azərbaycan da yaşasın? 

Belə bir perspektiv ancaq və ancaq ermənilərə sərf edərdi. Çünki onlar bizi rəqib ölkə, düşmən millət bilirlər. Düşmənin arzularını ifadə edən bəzi soydaşlarımıza, siyasət və media adamlarına, siyasi mühacir adlanan bir sıra tülüngülərimizə nə ad verək? Bunca düşmənçiliyin arxasında duran səbəb nədir?

 

Bizi özünə düşmən bilən Ermənistanın bu cür qarışması, əli onminlərlə Azərbaycan türkünün qanına batmış cinayətkar bir rejimin çökməsi, əslində, Azərbaycanın ciddi uğuru sayıla bilər. Bu, böyük savaşda olduqca ciddi epizoddur. Bu, 2016-cı ilin aprel döyüşlərinin Ermənistan cəmiyyətində və onun ordusunda yaratdığı depressiyanın bəhrəsidir. Bu, Azərbaycan dövlətinin, Türkiyənin də sayəsində Ermənistana qarşı yürütdüyü təkləmə, blokada siyasətinin nəticəsidir. Heç cür inkişaf etməyən, edə bilməyən, bütün beynəlxalq layihələrdən kənarda qalan bir cəmiyyət öz iqtidarına qarşı bu cür təpki verməli idi. Azərbaycan, uzun illərdən sonra "erməni monolitliyi” mifini darmadağın edib.

İddia etmirəm ki, hazırda Ermənistanda baş verən prosesləri ancaq bu amillər və Azərbaycanla Türkiyənin ortaq təcrid siyasəti törətdi. Lakin ona iddia edirəm ki, bu amillərin də böyük rolu var! Həm də ona iddia edirəm ki, Ermənistanda hazırda baş verən olaylar düşmən sevindirən qəbildəndir!

Və mən ...sevinirəm!

XƏBƏR LENTİ