‘Əsas məqsədimiz müəllimlərin səviyyəsinin qaldırılmasıdır’ - Nazir

‘Əsas məqsədimiz müəllimlərin səviyyəsinin qaldırılmasıdır’ -  Nazir
Bütün Xəbərlər
11:40 30.08.2013
1042

“Bugünkü görüşün məqsədi ötən illər ərzində xaricdə təhsil alıb Vətənə dönən tələbələrlə görüşmək, onların rəylərini öyrənməkdir”.

AZXEBER.COM-unməlumatına görə, bu fikirləri təhsil naziri Mikayıl Cabbarov bu gün “ASAİF-in XI Yay Forumu”nda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, “Qara qızılı insan kapitalına çevirək” şüarı ilə keçirilən dövlət proqramı çərçivəsində Azərbaycan tələbələri bu gün dünyanın ən yaxşı təhsil ocaqlarında təhsil almaqdadır: “Bu forum həyata keçirilən proqramın gələcəkdə mükəmməlləşməsi, xaricdə təhsil alan tələbələrimizin Azərbaycanın sosial-iqtisadi həyatında, vətəndaş cəmiyyətinin formalaşdırılmasında iştirakı məsələlərinin müzakirəsi, eyni zamanda bu artıq seçilmiş tələbələrlə də görüş imkanı yaradır. Hesab edirəm ki, tələbələr üçün də bu çox gözəl fürsətdir. Bu nöqteyi-nəzərdən mən bugünkü tədbiri çox yüksək qiymətləndirirəm”.

Təhsil naziri regionlarda müəllim çatışmazlığı problemi ilə də bağlı məsələyə aydınlıq gətirib: “Ümumiyyətlə, hazırda Azərbaycan təhsil sistemində kifayət qədər müəllim fəaliyyət göstərir. Bu məsələyə sistemli yanaşsaq, sayı amil kimi götürməməliyik. Respublikada 4400-dən çox məktəb fəaliyyət göstərir. Eyni zamanda müəllimlərin sayı kifayət qədərdir. Bizim əsas məqsədimiz müəllim ordusunun səviyyəsini qaldırmaq, təhsilin keyfiyyətinin istədiyimiz səviyyəyə çatması üçün tədbirlər görməkdir”.

M. Cabbarov bildirib ki, Forumda xaricdə təhsil alıb ölkəyə qayıdan məzunların cəmiyyətə inteqrasiyası, onların əldə etdikləri biliklərin Azərbaycanın maraqları üçün ən mükəmməl şəkildə istifadə ətrafında söhbət aparılacaq.

OXŞAR XƏBƏRLƏR