Qaz təchizatı və qaz idarələrinin fəaliyyəti hər zaman ən aktual mövzular sırasına daxil olur.
Elə bu səbəbdən oxucularımız arasında bu mövzuda sorğu apardıq. Sorğunun məqsədi qaz idarələrinin fəaliyyətinin onları nə qədər razı saldığını, paytaxtın hansı rayonunda vəziyyətin daha ürəkaçan olduğunu müəyyənləşdirmək idi.
AZXEBER.COM xəbər portalının 135 mi nəfərlik rəsmi “facebook” səhifəsində rəyini öyrədiyimiz sakinlər arasında şikayətçilər üstünlük təşkil etsə də, yaşadığı ərazinin Qaz İstismar İdarəsindən razı qalanlar da olub.
Ümumilikdə, 249 nəfər sorğuda iştirak edib. Onlardan 51 faizi qaz təchizatı və Qaz İstismar İdarəsinin fəaliyyətindən razı, 31 faizi şikayətçi olub. Sorğuda iştirak edənlərin 18 faizi isə qaz problemlərinin olduğunu deyib.
Rayonlar üzrə ən çox şikayətçi Xətai və Binəqədi rayonunun sakinləri olub. Onlardan 80 %-i rayonun qaz təchizatının aşağı səviyyədə olduğunu deyib.
Ən yaxşı nəticə isə Nizami rayonunda qeydə alınıb. Rayonun sorğuda iştirak edən sakinlərinin heç biri yerli Qaz İstismar İdarəsindən şikayət etməyib. Səbail rayon sakinlərinin də təbii qazın verilməsiylə bağlı problemləri yoxdur.
AZXEBER.COM sakinlərin rəyini təqdim edir:
Vaqif Qulamlı, 47 yaş, Binəqədi rayonu: “Bizim rayonda qaz problemi çoxdan var. Son aylarda ümumiyyətlə, tez-tez qazımız kəsilir. İndi də kart sisteminə keçiblər. Bu da işimizi asanlaşdırmaq əvəzinə çətinləşdirdi. Kartlarda balans sıfırlanmamış onları yükləmək olmur. Üstəlik, karta kredit qaz balansı əlavə etmək də problemə çevrilib. Bu, yəqin ki, sayğaclardan asılıdır.”
Əsgər Nağıyev, məcburi köçkün, 32 yaş, Sabunçu rayonu: “Bildiyiniz kimi, köçkün ailələri üçün nəzərdə tutulan qaz limiti var. Bu limiti bizə vermirlər. Qaz idarəsində isə o qədər arayış, sənəd istəyirlər ki, adam başını itirir.”
Murad Dəmirbəyov, 27 yaş, Nizami rayonu: “Açığını desəm, qazla bağlı şikayətimiz yoxdur. Sonuncu dəfə qaz təchizatında nə vaxt problem yaşadığımızı xatırlamıram. Kart sisteminə keçidin olduqca mütərəqqi addım olduğunu qeyd etməliyəm. Həm proses asanlaşıb, həm də yeni sayğaclar problemsiz işləyir. Hətta evlərə qazla bağlı bukletlər və yaddaş kitabçaları da paylanıb.”
Vüsalə Salmanqızı, 36 yaş, Nəsimi rayonu: “Bu yaxınlarda yaşadığımız ərazidə qaz tənzimləyiciləri yenilənib. Lakin buna baxmayaraq, problemlər hələ də mövcuddur. Əvvəla, qaz təchizatında kəsintilər baş verir. İkincisi isə, yeni sayğaclarla bağlı sıxıntı yaşanır. Bizim sayğacımız 2 dəfə dəyişdirilib. Qonşularda da bu problem var. Ümid edirik ki, yaxın zamanda problemlər həllini tapacaq.”
Musakişi Quliyev, 56 yaş, Xətai rayonu: “Bizim kommunal sahədə ən böyük problemimiz qazla bağlıdır. Elə bu yaxınlarda qaz idarəsinin nümayəndəsinə 3 dəfə zəng vurub demişəm ki, sayğacımız işləmir. Hər dəfə deyiblər ki, gəlib düzəldəcəyik. Ancaq gəlmirlər. Əgər bu sistemi keyfiyyətli şəkildə düzəldə bilməyəcəkdilərsə, onda yeni sayğaclar quraşdırmağın, kartların nə mənası var idi? Bizim binada çox adam elektrik sobalardan istifadə edir. Çünki qaza bel bağlamaq olmur.”
Nura Suri, tanınmış müğənni, Xətai rayonu: “Xətai rayon Qaz idarəsi öz ənənəsinə sadiq qalaraq hər həftə 2-ci dəfə ki, qazı kəsir. ( Səhərdən axşama kimi). Yenə qaz yoxdur! Camaatı bilərəkdən narazı edirlər. Səbəblərin də yalnız özləri bilir. Bunlar həm hökümətin pulunu yemək üçün bəhanə axtarırlar, yalandan deyirlər ki, qəza olub. Bu adamların məqsədi insanları narazı salmaq istəyirlər... Söz tapa bilmirəm!”
Etibar Balakişiyev, 54 yaş, Binəqədi rayonu: “Bizdə son vaxtlar su mütəmadi verilir, bunun sevincini yaşamaq istəyirik, ancaq qazımızı kəsərək sevincimizi gözümüzdə qoyurlar. Mən Binəqədi qaz idarəsindən narazıyam, yaxın günlərdə bununla bağlı Azəriqaz İB-nə müraciət edəcəm”
Eldar Quliyev, 23 yaş Xətai rayonu: “Dəfələrlə İdarənin Xidmət Sahəsi ilə əlaqə saxlamışıq. Deyirlər ki, bizlik deyil. Kartı olanlara da qazdan istifadə üçün 1 manatlıq limit qoyublar. O limit də 6 gündür bitib. Şikayətimizə növbətçi hissədən deyirlər ki, smart-kartları Xətai Rayon Qaz İdarəsindən ala bilmirlər”.
Fərid Əliyev, 38 yaş Nizami rayonu: Bizim rayonda ən qaydasında çalışan sahə elə qaz idarəsidir, təbii qazın təminatından razıyıq. Arzu edirəm ki, rayondakı əhaliyə xidmət edən digər idarələr də öz işlərinə belə məsuliyyətlə yanaşsınlar
AZXEBER.COM