Xalq artisti Faiq Ağayev 4 günlük solo konsertinə dekabrın 27-də Heydər Əliyev Sarayında “F.A VİDA” adı altında start verdi. AZXEBER.COM-un məlumatına görə, müğənninin 25 illik səhnə fəaliyyətinə həsr edilmiş konsertdə, ifaçı bu günə qədər ifa etdiyi 27 mahnını canlı oxudu. Xalq artistinisəhnədə xüsusi dəvət olunmuş rəqqaslar və “Spayder” rəqs qrupu müşayiət edib. Konsert zamanı Faiq Ağayev, “Uşaqlıqdan ən böyük arzularımdan biri aktyor olmaqdır. Çox istərdim, aktyor olum. Bu, mənim nakam arzumdur” deyərək illərdir həyata keçməyən arzusunu dilə gətirdi. Xalq artistinin ifa etdiyi və rejissor Ülviyyə Könülün ekran həyatı verdiyi “Əlvida” adlımahnısının klipi də konsert zamanı tamaşaçılara təqdim olundu. Konsertin sonunda təəssüratlarını bölüşən ifaçı konsertin yaxşı keçdiyini və bəzi media nümayəndələrinin konsertinə gəlmədiyini diqqətində saxladığını söylədi: “Konsertin ilk günündə, hər şeydən razı qaldım. Bircə bəzi tamaşaçılardan narazı qaldım ki, 18:00-da başlayan konsertin 19:00-da başladığını zənn edərək 1 saat gecikdilər. Tamaşaçıları qınamıram. Çünki Heydər Əliyev Sarayında keçirilən heç bir konsert 18:00-da başlamayıb. Buna baxmayaraq, bu işdə də ilkə imza atdım. Bunu mən, F.A etdi. Artıq saat 19:00-da zal tam dolmuşdu. Lakin media üçün ayırdığım 5-6 yer boş qalmışdı. Bəzi jurnalistlər gəlməmişdi. Qonaqlar arasında mənim sevdiyim qadın da var idi. O, tamaşaçıların sırasında əyləşməmişdi. Kulisin arxasında mənimlə idi. O, 4 gün keçiriləcək konsertimin dördündə də yanımda olacaq”. Qeyd edək ki, konsertin sonunda xalq artisti Faiq Ağayev konsertin niyə məhz “F.A VİDA” adlandırmasının səbəbini açıqladı: “Konsertin adında qeyd olunan Vida sözünün mənim bu səhnədən vidalaşacağım anlamına gəlmir. Vida sözündə ola Vİ, Rum rəqəmi ilə 6 rəqəmidir. Bu da o deməkdir ki, F.A – nın konserti Vİ-Da başlayır”.Ozal İbrahimli