Xəbər verdiyimiz kimi, İnam Kərimov Ali Məhkəmənin hakimi təyin edilib. Milli Məclisdə onun Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ müzakirə edilib və qərar qəbul edilib.
Bir çox vəzifələrdə çalışmış, müxtəlif dövlət qurumlarına rəhbərlik edən İnam Kərimov kimdir?
AZXEBER.COM Ali Məhkəməninyeni sədri haqqında dosyeni təqdim edir:
İnam Kərimov 6 iyun 1977-ci ildə Bakı şəhərində anadan olub. Ali Məhkəmənin yeni sədri 1984-1994-cü illərdə Bakı şəhərində S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında təhsil alıb.
Gimnaziyanı bitirdikdən sonra 1994-1995-ci illərdə ABŞ-nin İndiana ştatında "Richmond High School” da təhsilini davam etdirib. Həmin dövürlərdə ABŞ-da təhsil alan azsaylı azərbaycanlılardan biri olan İ. Kərimov daha sonra vətənə geri qayıdıb.
O, elə həmin il Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olunub. Yüksək qiymətlərlə universitetin bakalvr pilləsini yekunlaşdırdıqdan sonra yenidən bakalavr pilləsi üzrə Fransanın Strasburq Universitetinin (1998-2000) hüquq fakültəsinə qəbul olub.
Yeni sədr 2000-2002-ci illərdə isə Sarbonna Universitetində hüquq üzrə magistr təhsili alıb. O, 2013-cü ildə bu universitetdə hüquq üzrə doktor(docteur en droit)elmi dərəcəsinə də yiyələnib.
İ.Kərimov əmək fəaliyyətinə 2002-2004-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında məsləhətçi vəzifəsi ilə başlayıb. 2004-cü ildən 2012-ci ilə kimi isə baş məsləhətçi vəzifələrində çalışıb.
2005-2012-ci illərdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi, elə həmin illərdə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri vəzifələrini daşıyıb.
2012-ci ildə qurulan və Azərbaycanda böyük mənada yeniliklərə imza atan ASAN xidmətin əsas ideya müəlliflərindən olan İ.Kərimov prezidentin 7 sentyabr 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib.
Yeni sədr prezidentin 21 aprel 2018-ci il tarixli Sərəncamı ilə kənd təsərrüfatı naziri təyin olunub.
O, ingilis, fransız, fars və rus dillərini sərbəst danışa bilir.
Evlidir, iki övladı var.
Xatırladaq ki, bir müddət əvvəl Ali Məhkəmənin keçmiş sədri Ramiz Rzayevin səlahiyyət müddəti başa çatıb. 70 yaşı tamam olmuş Ramiz Rzayev 18 il Ali Məhkəmənin sədri vəzifəsində çalışıb.