Günel Hacı
Hamam hamam içində, xəlbir saman içində olmasa da zamanın bugünündə Azərbaycanın göbəyində sizə deyim bir məhəllə əhlindən. Məni son gördükləri- "hələ də köçməyib bu qız" deyə düşündükləri gündən nə az, nə çox iki il ötür və mən yenə köçməyib evdə qalmış simasıyla o məhəlləyə tərəf yollanmışam. Heç utanıram? Təbii ki utanmıram, ancaq bir neçə qonşuyla görüşdən, baxışdan, öpüşdən sonra utanacam çox güman. Son gedişimdə Əlövsətin qızının qoşulub qaçması ən trend mövzu idi. Ata eviylə barışıb barışmayacağı dərin müzakirələrə səbəb olmuş, səhər-axşam hər yeni xəbər qonşudan qonşuya ötürülürdü. Mən qayıdanda müzakirələr davam edirdi, gedim görüm qızın axırı nə oldu, barışdılar ya yox. Eldostu dayıgil də oturuşa bir şaqqa dəvəni yeyib, üstünə fransız şərabı içib yan gəlib yatanlardan idi. Yoldaşının keçən toya taxdığı qızıl dəst hələ də dillərdən düşmürdü. Ancaq gözlərinin ağı-qarası bir oğlu var idi, o da avara. Səhər axşam gəzir, pulunu qurda, quşa yem edirdi. Axı buna kim qız verəcək? Qonşuları elə bu dərd bürümüşdü. Gedim görüm oğlanın axırı nə oldu, ona qız verən olub ya yox. Pəh, hələ biri qələt edib ayrılıb yoldaşından gəlib atası evinə. "Olmaz axı, qız dediyin pişim-pişimlə oturar ərinin dizinin dibində. Ərdir də, üzünün bir tərəfinə qapazı yapışdıranda, bir tərəfinə də sığal çəkəcək. Otur deyir, otur evində.. Yox-yox qayıtmalıdır qız, yoxsa el içinə necə çıxar bu ailə." Gedim görüm ailə el içinə çıxa bilir, ya yox. "Qız dediyin ilk illərdə 2, 3 uşaq doğandan sonra daha qeybət yarışına qoşula, anası ilə bir neçə saat telefon söhbəti edə, xalası qızına əri əldə saxlamağın yollarını öyrədə bilər. Yoxsa Şahnisə xalanın gəlini kimi. 2 il ötür hələ bir tərpəniş yoxdur. Neçəsə minlik cehizi də qoltuğuna vurub gəlib,adını da köçmək qoyub. O ki qız uşağının kirpikləri hələ bir-birindən ayrılmamış paltaryuyan maşını alınmadı, yaşı tamam olanda atası soyuducunu yan otağa qoymadı, mebeli 3, 4 maşınla bəy evinə daşınmadı daha qız köçürməyin nə yeri. İndi də oturub xanım kimi uşaqdan zaddan da doğmur ki, deyək, aha, bu da bir işə yarayıb." Gedim görüm gəlin nəsə bir işə yaraya bilib, ya yox. Bu məhəllədə illik hesabat da aparılır, elə də sadə görünməsin sizə. "Nənəbiçə bugün 5 dəfə qapıdan boylanıb, qızda bir iş var. Ər arzusuna düşüb. Niyə də düşməsin, 15 yaşı tamamdır. Əlibala neçə vaxtdır evdən bikef çıxır, dalaşırlar yəqin. Keçən dəfə pıçıltıları lap bizim evə gəlirdi, vallah, bir balamın canı üçün, yalan deyirəmsə gözüm önümə axsın istəməyərək eşidirdim. Qulaq asırdım görüm bir xeyrim dəyər, ya yox." "Qız dediyin əsas ailə qurmalı, gözəl cehiz aparmalı, gəlin maşınının lenti ən böyüyündən olmalıdır. Sarıtelin boynuna bir sep taxdılar ki, telindən incə, sümüklərim sızladı. Olmaz, qurban sizə, olmaz. El var, oba var. Ən əsası qonum-qonşu var, a başınıza dönüm." "Savadsız olanda nə olar? Bax mən özüm a-nı b-ni bilmirəm. Günüm yağ-bal içində, böyrümdə, 3 qızım ərdə. Birinin baldızı yaman mız-mızlanırdı. 2 kəlmə oxutdum, 2 iynə batırtdım, bir də ağzını açsın görüm. Qurban olaram o yaradana, inim-inim innədəcək, biz kimə nə edənik?" Beyni ac, qarnı tox məhəlləyə 2 il sonra yenidən gedirəm. Gedim görüm dəyişiliblər, ya yox. Qonşuluqda kimin oğlu avara dolanır, kimin qızı qoşulub qaçır. Qızlar boşana bilir, yoxsa gəlinlərə pis baxılır. Təzə gələn gəlinlərdən kimin cehizi üz qaraldıb, kiminkisi gözə batır. Gedim görüm kimlər ölüb, kimlər qalır.