İrəvanda Ermənistan müdafiə naziri Seyran Ohanyanla Gürcüstanın müdafiə naziri İrakli Alasanya arasında görüş olub. Erməni və gürcü nazirlərin görüşündə ikitərəfli münasibətlər və regionda təhlükəsizlik problemləri müzakirə olunub. Görüşdən sonra keçirilən birgə mətbuat konfransında gürcü nazir İrakli Alasanya Xankəndi hava limanı məsələsinə də toxunub. Alasanyaya "Xankəndi hava limanının fəaliyyətə başlayacağı təqdirdə Azərbaycanın mülki təyyarələri belə vuracağına dair xəbərdarlıq etməsinə necə münasibt bildirərdiniz?" sualı verilib."Regional təhlükəsizlik problemlərinin bölgədəki hər bir ölkə üçün önəmli olduğunu düşünürük. Mövcud anlaşılmazlıqların da qarşılıqlı dialoq və sülh müzakirələri ilə həll edilməli olduğuna inanırıq", - İrakli Alasanya belə cavab verib.Gürcüstanla hər sahədə əməkdaşlığa önəm verdiklərini deyən Ermənistanın müdafiə naziri Seyran Ohanyan isə Ermənistanla Gürcüstanın regional təhlükəsizlik problemlərinə eyni mövqedən yanaşdığını vurğulayıb. "Gürcüstan da problemlərin həll edilməsində sülh müzakirələrini dəstəkləyir. Gürcüstan və Ermənistan orduları arasındakı işbirliyi də yüksək səviyyədədir", - deyə Seyran Ohanyan bildirib.