“Mən Halil Sezainin vəkili deyiləm”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Halil Sezainin Bakı konsertinin təşkilatçısı Samir Xəttab söyləyib. Təşkilatçı konsert zamanı müğənninin narkotik maddə qəbul etməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib. Onun sözlərinə görə, mətbuatda yayılan informasiyalar şayiə xarakterlidir və sifarişlə yazdırılıb:
“Əvvəla onu deyim ki, Halil Sezainin səhnədə özünü əyyaş kimi göstərməsi bir obrazdır. Bunu onun bütün konsertlərini izləyib görə bilərsiniz. Səhnəyə çıxmazdan 3 dəqiqə qabaq müsahibə verən adamın müsahibələrinə baxsanız görərsiniz ki, o tam gümrah bir adamdır. İkincisi, dövlətimiz o qədər zəif bir dövlət deyil ki, o gömrükdən özü ilə narkotik maddə keçirtsin. Onunla birlikdə oturub narkotik vasitə istifadə edən və ya gözü ilə görən də olmayıb. Oteldən restorana, restorandan otelə gedən adam haradan narkotik tapıb istifadə edə bilər?. Bu şeyləri iddia edən şəxsə isə mən nə müsahibə verməmişəm, nə də açıqlama. Bununla bağlı açıqlama vermək fikrində də deyiləm. Çünki mən Halil Sezainin vəkili deyiləm. Halil özü bu xəbərlərdən xəbərdardır və edəcəyi hərəkətləri, verəcəyi açıqlamaları özü bilər. Çox xahiş edirəm ki, mənim adımdan yalan-yanlış, alçaldıcı sözlərdən istifadə etməyin!”
Samir Xəttab bu xəbərləri yazan jurnalistlərə də irad tutub. O, konsertdən öncə ondan bilet istəyən jurnalistlərin konsert əlehinə yazılar yazmasını qəzəblə qarşılayıb:
“Gələk bəzi “jurnalist”lərin yazdığı xəbərlərə. Konsertdən öncə məndən dəvətnamə istəyən jurnalistlər, indi özlərindən fantastik şeylər icad edib, bərbad xəbərlər yazırlar. Səhnədə çay içmək abırsızlıq olubmuş. Səhnədə yatıb deyirlər, amma nədənsə kimsə onun xorultusunu eşitməyib. Sizə bircə bunu deyə bilərəm ki, məsləyinizə azacıqda olsa hörmət qoyun və sifarişlə işləməyin”.
Qeyd edək ki, konsert aprelin 27-də baş tutub. Konsertin rəsmi informasiya dəstəyi isə, AZXEBER.COM-a məxsus olub.