Hamının sevgisini qazanmış adam-Ağamusa Zeynalov (KÖŞƏ)

Hamının sevgisini qazanmış adam-Ağamusa Zeynalov (KÖŞƏ)
KÖŞƏ
21:55 06.11.2011
3823

Universitet həyatında müəllimlərin hər biri öz xarakterinə, savadına, tələbəyə münasibətinə və sair keyfiyyətlərinə görə fərqlənir. Müəllim var ki, tələbəliyin lap ilk günlərindən tanıyırsan: dərs dedi-demədi. Müəllim var ki, onu ancaq sənə dərs deməyə başladığı vaxtdan tanımağa başlayırsan. Müəllim var ki, onu tələbələrə qayğılarına, tələbəyə daimi məhəbbətinə görə sevirsən, hörmət edirsən. Bu yaxınlarda 70 yaşı tamam olan Ağamusa müəllimdə sadaladığım xaraketrik xüsusiyyətlərin hərəsindən bir az var. Amma Ağamusa müəllimi daha çox tələbəyə məhəbbətinə, işğüzarlığına və insanpərvərliyinə görə sevirik. Ağamusa müəllimi bizim auditoriyaya gəlməmişdən - hələ bizə dərs deməyə başlamazdan bir il əvvəl tanımışıq. Və dərhal da hiss etmişik ki, tələbə bu müəllimə hər cür çətinliklə bağlı müraciət edə bilər, ona problemlərini söyləyə bilər. 

Ağamusa Zeynalov 1939-cu il yanvarın 10-da Cəlilabadda anadan olub. Orta məktəbdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin o zamankı jurnalistika şöbəsinə qəbul olunub. Elə o gündən də ömrünü bu universitetə bağlayıb. Jurnalistika ixtisasına yiyələndikdən sonra universitet nəşriyyatında işə başlayıb. Bir az keçib və universitet rəhbərliyi bu mötəbər nəşriyyata direktor vəzifəsini ona etibar edib. Sonralar A.Zeynalov universitetin tələbə qəzetinə redaktor təyin olunub. Bu vəzifədə uzun müddət çalışan Abamusa müəllim eyni zamanda jurnalistika fakültəsində saathesabı dərs deyib. Sonralar A.Zeynalov müsabiqə yolu ilə Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasına müəllim keçib. İndi uzun müddətdir ki, Ağamusa müəllim jurnalist tələbələrə dərs deyir. Onun dərsini maraqlı edən cəhətlərdən biri uzun müddət praktik fəaliyyətdə olması və jurnalistikaya dair beynəlxalq nəzəri fikirlərə xüsusi marağıdır. Universitetin tələbə qəzetində uzun müddət redaktor olması onun universiteti, universitet əməkdaşlarını və bu qocaman təhsil müəssisənin məzunlarını yaxşı tanımasına şərait yaratmışdır. Ağamusa müəllimin yaradıcılığında çox mühüm yer tutan oçerk janrının qaynaqları da buradan gəlir: Onun çoxşaxəli yaradıcılığı universitet alimlərinin elmi, pedoqoji fəaliyyətinə həsr olunmuş ustad oçerklərə bağlıdır. Elə 1990-cı illərin əvvəllərində bizə oçerk janrının nəzəri məsələlrindən dərs deyəndə də biz misallarımızı daha çox müəllimimizin öz yaradıcılığı üstündə qururduq. Tale elə gətirdi ki, 1995-cı ildə mən də universiteti bitirib Ağamusa müəllimin işlədiyi Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında əməkdaşlığa başladım. Mən indi də o kafedrada doğma müəllimlərimin yanındayam. Amma etiraf edim ki, Ağamusa müəllim yenə də bizim çox ərk etdiyimiz, kömək üçün ən çox müraciət etdiyimiz insandır. İşinin bəlkə də hamıdan çox olmasına baxmayaraq, o hər kəsə kömək əlini uzatmağa vaxt tapır. Ağamusa Zeynalovu kafedrada «təcili yardım» adamı kimi qiymətləndiririk. Obyektiv səbəblər üzündən dərsə gələ bilməyən kafedra əməkdaşlarını daha çox Ağamusa müəllim əvəz edir. Bunun sadə bir səbəbəi var: Ağamusa müəllim az-az mütəxəssislərdəndir ki, kafedrada tədris olunan bütün fənlərə yaxından bələddir və bu üzdən onun kimisə əvəz etməsində heç bir problem olmur. Ağamusa müəllim sadədən sadə bir insandır. Bütün günü onu tələbələrin arasında görmək olur. Tələbələr ona daha çox qəzetlərə yazdıqları materialları oxumaq və redaktə etməklə bağlı müraciət edirlər. Tələbələrin praktik yaradıcılığına kömək onun vacib işlərindən biridir. Ağamusa müəllim praktik jurnalistlərin də yaxın dostudur. Onu tez-tez müxtəlif qəzet redaksiyalarında – keçmiş tələbəlrinin yanında görmək mümkündür. Ağamusa müəllim, əsasən, publisistika nəzəriyyəsini tədris edir. Onun əlinin altında həmişə analitik yazılara daha çox yer verən qəzetlər olur. Bu qəzetlərin analitik yazılarının sənətkarlıq xüsusiyyətlərinin təhlili tələbələrə gələcək yaradıcılıq məktəbi rolunu oynayır. Ağamusa müəllimə işlədiyi kollektivdə çox hörmət edirlər. Bunun bir neçə səbəbi var: əvvəla, Ağamusa müəllim hamıdan artıq iddiasız, hamıdan artıq təvazökar, hamıdan artıq sadə bir insandır. İkincisi, Ağamusa müəllim heç vat heç kimin xətrinə dəyən hərəkət etmir. O, əməkdaşlarla münasibətdə leksikonuna, söz seçiminə etik mənada çox ciddi yanaşır, öz fikrini etik üslubda elə ortaya qoyur ki, onun bu fikirləri ilə ancaq razılaşmaq qalır. Onu da qeyd edim ki, elmi müzakirələrdə ən çox diqqət və tələbkarlıq da Ağamusa müəllimə məxsus olur. Ağamusa müəllimin - təkcə kafedrada deyil, təkcə fakültədə deyil, bütün universitetdə hörmət və diqqətə layiq bir insanın 70 yaşı tamam olur. Onun timsalında görürük ki, alim yaşa dolduqca daha da kamilləşir, daha da müdrikləşir. 70 yaşın mübarək, Ağamusa müəllim! Qoy bu 70 yaş illərlə keşiyində durduğunuz gözəl ailənizə, illərlə çalışdığınız jurnalistikaya və şəxsən özünüzə xoşbəxtlik gətirsin. Sizə həmişə olduğu kimi, bundan sonra da bol-bol tələbə sevgisi, dost məhəbbəti, ailə səadəti arzulayırıq. Könül NiftəliyevaBDU Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri üzrə fəlsəfə doktorup.s.  Bu məqalə təqribən 2 il öncə BDU Jurnalistika fakülltəsinin müəllimi Ağamusa Zeynalovun 70 illik yubileyi ərəfəsində yazılıb.  
OXŞAR XƏBƏRLƏR