15:54 Cümə Axşamı, 18 Iyul 2019
SOSİAL

Heç vaxt ayaq üstə dura bilmədi, ayağının altında mərmi partlamadı – Azərbaycanlı seyidlərlə bağlı rəvayətlər

15:43, 21.12.201811166
Heç vaxt ayaq üstə dura bilmədi, ayağının altında mərmi partlamadı – Azərbaycanlı seyidlərlə bağlı rəvayətlər
Heç vaxt ayaq üstə dura bilmədi, ayağının altında mərmi partlamadı, onu təhqir etdilər və maşın işə düşmədi... – Azərbaycanlı seyidlərin başına gələn maraqlı olaylar...

"Seyid” sözünün ərəb dilindən tərcüməsi "ağa” deməkdir. Ümumiyyətlə, ərəb dilində bu söz ehtiram əlaməti olaraq işlədilir. İslam dinində əsl seyidlər Həzrəti Məhəmməd Peyğəmbərin nəslindən olanlar sayılırlar.

Araşdırma materiallarına görə, Azərbaycanda Məhəmməd Peyğəmbərin və 12 imamın soy-kökünə, qan damarlarına bağlı olan bir neçə nəsil şəcərəsi var. Bu nəsillər imam nəslinə bağlıdır və genetik kodlar üst-üstə düşür.

AZXEBER.COM Azərbaycanda məşhur olan seyidlər və onların qeyri-adi həyat tərzi ilə bağlı araşdırma aparıb.
 

 



Azərbaycanın sayılıb-seçilən seyidlərindən olan - Mir Mövsüm Ağa Bakının Şüvəlan qəsəbəsində dünyaya gəlsə də, İçərişəhərdə yaşayıb. Əsl adı Seyidəli Mir Abutalıb oğlu Mirmövsümzadə olan Mir Mövsüm Ağanın həm dəfn olunduğu Şüvəlan məzarlığı, həm də yaşadığı İçəirşəhərdəki evi hər gün minlərlə ziyarətçi tərəfindən ziyarət olunur.

Mir Mövsüm Ağanı ateizmin geniş yayıldığı sovetlər dönəmində "Ətağa” adlandırırdılar və el arasında "Ətağa cəddi” andı da geniş yayılmışdı. Buna səbəb isə Mir Mövsüm Ağanın fiziki qüsurlu olması, sümüklərinin az inkişaf etməsi, hərəkət edə, otura bilməməsi imiş. Hələ yeniyetmə yaşlarında onda xüsusi qüvvənin olduğunu iddia edən qohumlarının sözlərinə görə, Mir Mövsüm Ağa başı ağrıyan adama əlini çəkən kimi həmin şəxsin bütün ağrıları keçirmiş.

Deyilənə görə, dünyaya normal uşaq kimi gəlsə də, anası Xədicə xanım bir həftədən sonra onu çimizdirmək üçün bələyi açarkən şoka düşür. Çünki sağlam dünyaya gələn uşaq qan içində olur. O zamanlar həkim olmadığına görə, axund çağırırlar. Axund deyir ki, bu uşağın sağ qalması inandırıcı deyil. Çoxlu qan itirən Mir Mövsüm Ağa iflic olur və ömrünün sonuna qədər bundan əziyyət çəkir. 40 yaşına qədər zəif gəzə və otura bilsə də, müəyyən yaşdan sonra bu hissiyyatını tamam itirir. Kifayət qədər nüfuza malik olan ağanı dövrünün məşhur milyonçuları Hacı Zeynalabdin Tağıyev, Ağamusa Nağıyev, Murtuza Muxtarov daimi ziyarət edər, ondan xeyir-dua alarlarmış.
 

 

Azərbaycanın tanınmış seyidlərindən olan - Seyid Lazım Ağa Laçın rayonunun Böyük Seyidlər kəndində anadan olsa da, kiçik yaşlarında ailəsi ilə birlikdə Ağdam rayonuna köçüb. Heç bir dini təhsili olmayan Seyid Lazım Ağa buna baxmayaraq, Quran-Kərimi əzbərdən bilir, bu müqəddəs səmavi kitabı çox mükəmməl oxuyurmuş. Qarabağ zonasında xüsusilə məşhur olan Seyid Lazım Ağa bugün də ehtiramla anılır.

Seyid Lazım Ağanı tanıyanlar onun 3 həyat prinsipi olduğunu vurğulayır: ədalət, səxavət, ibadət. Deyilənə görə, 114 il ömür sürən seyid onun cəddinə pənah gətirən heç kəsi ümidsiz qayıtmayıb. Heç kəsdən özü üçün nəzir qəbul etməzdi. Verilən nəziri kasıblara paylayardı. Torpağa çox bağlı olan Seyid Lazım Ağa təsərrüfatla, heyvandarlıqla məşğul olub. Təzə işə başlayanlar bərəkətli olsun deyə Ağadan 1-2 manat pul alarmış.

Hələ Ağdam işğal olunmamışdan əvvəl ermənilər rayonu top, qrad atəşinə tuturlar. Bazarda əhalinin çox olduğu bir gün erməni işğalçıları tərəfindən atılan qradlardan biri Seyidin ayaqları altına düşür və möcüzə baş verdiyi deyilir. Mərmi asfaltı yararaq torpağa girir və partlamır. Ağdam işğal olunan günə qədər də mərmi həmin yerdə qalır. İkinci atılan mərmi isə digər bir ərazini yerlə-yeksan edir. Ağa ilə bağlı rəvayətlər çoxdur. Bunlardan birini Rusiyada yaşayan ağdamlılardan biri belə danışır: "Bir dəfə Rusiyada ermənilər sürdüyüm avtombilə hücum edir. Güllə baran altında maşını "Ya Seyid Lazım Ağanın cəddi, kömək ol” deyəndən sonra sürdüm və Allahın izni ilə ermənilərin tələsindən sağ-salamat qurtuldum”.
 

 

 

Azərbaycanın tanınmış seyidlərindən olan - Seyid Həsən Ağa Şuşada anadan olub. Xurşidbanu Nətəvanın ikinci əri Seyid Hüseyndən olan ortancıl oğludur. O, Həzrəti Əlinin uyuduğu Nəcəfül – Əşrəf şəhərində ali ruhani təhsili alıb. Dərin biliklərə malik olması haqqında məlumat alan dövrünün tanınmış görkəmli ziyalısı Əbdüsəməd bəy Zəngilaninin dəvəti ilə Zəngilana gələrək, ömrünün sonunadək burada yaşayıb fəaliyyət göstərib.

96 il ömür sürən Seyid Həsən Ağa təkcə Zəngilanda deyil, Qubadlı, Laçın, Cəbrayıl, Füzuli, Qafan, Naxçıvanda da böyük hörmət qazanaraq, el-obanın xeyir-şər məclislərinə ağsaqqallıq edərdi. Yeni ailə quran gənclərin nikah mərasiminə şahidlik edər, onlara xeyir-dua verərdi. Azərbaycandakı seyidlər arasında daha çox ictimai işlərə qatılan Qubadlı, Laçın, Cəbrayıl, Füzuli, Qafan, Naxçıvan ellərinin Seyid Həsən Ağa Böyük Böyük Vətən müharibəsində arxa cəbhədə fədakarlıqla çalışdığına görə "Rəşadətli əməyə görə" medalı ilə təltif olunub.

İddialara görə, onun əynində həmişə hərbçilərə məxsus köynək olar, qalife şalvar geyinərdi. Ayağında xrom sapoq, belində general kəməri, başında buxara papaq olardı. Bir qəşəng boz atı vardı. Ata minəndə əsl generala, sərkərdəyə oxşayırdı. Xəstələrin ağrayan yerinə tüpürər, tüpürdüyü yeri əli ilə masaj edərmiş. Çox qəribəlikləri olsa da, onları paylaşmağı sevməzmiş. Qohumlarının, dostlarının evinə gedəndə onlardan birinci xahişi kənddəki imkansızların siyahısını almaq olarmış. Çox səxavətli olan Seyid Həsən Ağa 1984-cü il fevralında vəfat edib.
 

 



Azərbaycanın tanınmış seyidlərindən olan – Seyid Sadıq Ağa Masallı rayonunun Ərkivan kəndində Seyid Rza ibn Mirbəşir ağanın ailəsində dünyaya göz açıb. Davranışlarında, qeyri-adi söz-söhbətlərində Bəhlul-Danəndə cəsarətini, Molla Nəsrəddin ruhunu yaşadaraq zəmanəsinin görkəmli şəxsiyyəti, böyük kəramət sahibi kimi Azərbaycanda və ölkə hüdudlarından kənarda tanınırdı. Haqqında çoxlu kitablar, şeirlər, qəzəllər yazılıb, sənədli filmlər çəkilib. Rayona müxtəlif dövrlərdə rəhbərlik edən şəxlər vaxtaşırı olaraq onunla görüşər, təkliflərini dinləyərmiş. Hazırda onun şərəfinə - "İstisu” yolunun üstündə böyük məqbərə inşa edilib. 2000-ci ildə vəfat edib.

Seyid Sadıq Ağa çox zarafatcıl adam olub. Masalının kəndlərində keçirilən xeyir-şər məclislərinə qatılan ağa orada yaşayan kasıblara pul paylayarmış. Onun söyüşkənliyi olsa da, hamı onun xətrini istədiyindən bu söyüşlərə əhəmiyyət verməzmiş. Deyilənə görə, bir dəfə Seyid Sadıq Ağa Bakıya getmək üçün avtobusa minir. Sürücü onu təhqir edir, Seyid Sadıq heç nə demir, avtobusu tərk edir. Bundan sonra sürücü nə qədər edirsə, maşın işə düşmür. Əfsanəyə bənzəyən bu hadisə onlarla Masallı sakinin gözü qarşısında baş verir. Sərnişinlər sürücüyə bildirir ki, o ağır seyiddir, get üzr istə! Sürücü dedikləri kimi edir və gedib Seyid Sadıqdan üzr istəyir və maşın işə düşür.

Azər Niftiyev, AZXEBER.COM
XƏBƏR LENTİ